“Naxçıvan” Universitetinin Riyaziyyat və İnformatika kafedrasının təşçkilatçılığı ilə “Elm və təhsildə informasiya texnologiyalarının rolu” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə ali təhsil ocağının tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu açaraq bildirmişdir ki, Müasir dünyada elmi və texnoloji inkişaflar bir tərəfdən yeni təhsil ehtiyacları yaratmaqda, digər bir tərəfdən də təhsil tətbiqlərinə yeni imkanlar təqdim etməkdədir. Bu imkanların başında şübhəsiz kompüter ilk sıralarda gəlir. Kompyuter ilk əvvəllər hərbi məqsədlər üçün yaradılsa da sonralar ictimai həyatın bir çox sahəsində istifadə edilməyə başlanmış, hətta gündəlik həyatın ayrılmaz bir parçası halına gəlmişdir. Müasir dünyada insanların ən yaxın dostu olan kompyuter texnologiyası, o cümlədən internetin insanlara təsiri ilə bərabər təhsilə, mədəniyyətə və s. təbəqələrə də təsiri danılmazdır. Prorektor onu da bildirmişdir ki, müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Məhz bu səbəbdən son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub. Bunun üçün son illər dövlət tərəfindən təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər həyata keçirilməkdədir. Bu müstəvidə icra olunan fəaliyyətlər təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri hesab edilən təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlib. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev tərəfindən İKT-nin 2012-ci illərə qədər cəmiyyətin müxtəlif sahələrində tətbiqi ilə bağlı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” (2003-2012-ci illər)” adlı sənəd qəbul edilmişdir. Həmin siyasi kursun davamı olaraq ölkə başçısı İlham Əliyev tərəfindən də ölkəmizdə informasiya cəmiyyətinin artıq praktiki müstəvidə, bir konkret fəaliyyət planı çərçivəsində icra olunması üçün müəyyən tədbirlər həyata keçirilir. Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasının bu sistemin inkişafında prioritet istiqamətlərdən biridir.
Konfransda Riyaziyyat və informatika kafedrasının müəllimləri Elman Rzabəylinin, Həsən Nəcəfovun, Gülarə Rəhimovanın çıxışları dinlənilmişdir.