Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb.
Görüşdə “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz və onun nümayəndə heyətini salamlayaraq bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim inkişaf edir. Eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olmağımız qardaşlıq və dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə şərait yaradır.
Rektor qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Hazırda muxtar respublikamız qardaş ölkə ilə digər sahələrlə yanaşı, elm və təhsil sahəsində də geniş əməkdaşlığa malikdir. Bu gün “Naxçıvan” Universiteti Türkiyənin 30-a yaxın ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq iki istiqamətdə aparılır. Mövlana Mübadilə Proqramı çərçivəsində 20-yə yaxın universitetlə əməkdaşlıq edən “Naxçıvan” Universiteti həm tələbə-müəllim mobilliyini, həm də elmi əməkdaşlıq işlərini həyata keçirir. Bununla yanaşı, ali təhsil ocağı Türkiyədə yerləşən EURAS Universitetlər Birliyinin və Türk Dünyası Rəqəmsal Vətəndaşlıq layihəsinin də rəsmi iştirakçılarındandır. Bunun nəticəsində isə universitet təşkil olunan bütün simpoziumlar və sərgilərdə, eləcə də onlayn təlim və seminarlarda iştirak edə bilir.
60-dan çox türkiyəli tələbənin “Naxçıvan” Universitetində təhsil aldığını diqqətə çatdıran rektor vurğulayıb ki, onlar həm hazırlıq kurslarında, həm bakalavriat səviyyəsində, həm də magistratura və doktorantura pilləsində təhsillərini davam etdirirlər.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz, Türkiyə Respublikası ilə Azərbaycan arasındakı əlaqələrin inkişafından, hər iki ölkənin ali təhsil müəssisələrinin birgə layihələrinin perspektivlərindən söz açıb.
Bildirib ki, beynəlxalq Qars müqaviləsinə əsaslanan siyasi müstəqilliyimiz 100 ildən sonra Şuşa Bəyannaməsi ilə bir daha təsdiq olunub. Həm ikitərəfli münasibətlərimiz, həm də regional əməkdaşlığımız yeni mərhələyə yüksəlib. Bu gün Türkiyə-Azərbaycan əlaqələri bölgədə sülhə və sabitliyə töhfə verir.
Baş konsul vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələrindən danışarkən Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə iştirakı və strateji əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Muxtar respublika ilə Türkiyə arasında bir çox istiqamətlər üzrə əməkdaşlıq hər il daha da genişlənir və inkişaf edir.
Naxçıvanda Baş konsul kimi fəaliyyət müddətinin başa çatması ərəfəsində olduğunu bildirən Məhmət Emin Kiraz Naxçıvandakı diplomatik fəaliyyətinin karyerasında mühüm mərhələ olduğunu bildirib, görüşü yüksək qiymətləndirib və tələbələrin suallarını cavablandırıb.
Sonda türkiyəli diplomat iki cildlik “Türk şəhid diplomatlar” və “Atatürk və Türkiyənin xarici siyasəti” adlı kitablarını universitet kitabxanasına hədiyyə edib. Öz növbəsində rektor Nurlana Əliyeva xatirə hədiyyəsini Məhmət Emin Kiraza təqdim edib.