“Naxçıvan” Universiteti Bakı Biznes Universitetinin koordinatoru olduğu yeni bir layihənin icrasına başladı. Bununla bağlı olaraq Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr söbəsinin prorektoru Eşqin Bayramov və həmin universitetin əməkdaşı Gülşən Bayramova EQAC (Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsini universitet əməkdaşlarına təqdim etmişlər.
Tədbiri giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq qonaqları salamlamış,yeni layihənin hər iki universitet üçün uğurlu olacağına əminliyini bildirmişdir.
Sonra Gülşən Bayramova çıxış edərək bildirmişdir ki, layihənin məqsədi Azərbaycan universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin yaradılması və təhsil müəssisələrində keyfiyyətə nəzarət işinin daha da səmərəli təşkil edilməsindən ibarətdir.Təqdim olunan layihə Avropa İttifaqı standartlarına uyğun olaraq , 11 Azərbaycan Universitetində Daxili Keyfiyyətin Təminatı və Tətbiqi ilə məşğul olan Azərbaycanda ilk geniş həcmli layihədir. Bu layihə tamamilə fərqli strateji yanaşma tklif edir. G.Bayramova onu da tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, layihə sübut edəcəkdir ki, keyfiyyətə nəzarət innovativ təhsil təklif etməyi planlayan universitetlər üçün ən yaxşı vasitədir.