Bu gün “Naxçıvan” Universitetində “Ağamusa Axundov-90” mövzusunda elmi konfrans keçirilib. Konfransda “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri Nüşabə Məmmədova bildirib ki, Azərbaycan dilçiliyinin görkəmli simalarından biri, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Ağamusa Axundov Azərbaycan filoloji fikrinin ən fəal, aparıcı simalarından biridir. Və belə görünür ki, hələ bundan sonra da əsas simalardan biri olaraq da qalacaqdır. Çünki bu haqqı ona yaşayıb-yaratdığı ömrü, Azərbaycan elmində ortaya qoyduğu misilsiz tədqiqatları qazandırıb.

   Kafedranın müəllimi, professor Sədaqət Həsənova “Ağamusa Axundovun elmi və şəxsiyyəti” mövzusunda məruzə edib. Professor bildirib ki,  insanın ən böyük sərvəti qazandığı hörmət, inam və sayqıdır. Ağamusa müəllimə şəxsiyyətinə, ziyalılığına, elminə görə hər zaman hörmət edilib, özünə və sözünə inanılıb, sayqı göstərilib. Çalışdığı hər sahədə həmişə nüfuz sahibi olub. Bütün bunlarla bərabər, Ağamusa müəllimi səciyyələndirən ən böyük məziyyəti  onun gəncliyə göstərdiyi qayğı, gəncliyi hər zaman sağlam düşüncəli, layiqli vətəndaş görmək istəyi idi. Bütün fəaliyyəti boyu bu istiqamət özünü büruzə verib. Düşünürəm ki, bu məziyyət Ağamusa Axundovun sözün əsl mənasında müəllimliyindən qaynaqlanırdı. Akademik üçün müəllimlik öyrəndiklərini başqalarına öyrətmək idi. Onun öz sözləri ilə desək, “Çox sevinirəm ki, mənim öyrətdiklərim sayca çoxdur və onlar dünyanın hər yerində fəaliyyət göstərirlər". Məhz buna görədir ki, mühazirələrini, dərslərini auditoriyada birbaşa dinləməyən çoxsaylı insanlar özünü Ağamusa müəllimin tələbəsi sayırlar.

   “Ağamusa Axundovun fonetikası və fonologiya sahəsindəki tədqiqatları” məruzəsi ilə çıxış edən kafedranın baş müəllimi Xuraman Hacızadə qeyd edib ki,  Ağamusa Axundov nəzəri dilçilik üzrə ən görkəmli alimlərdən biridir. Onun tədqiqatlarında dilin fonetik sisteminin elmi təhlili verilmiş, türk dillərində sıra kateqoriyasının mövcudluğu əsaslandırılmış, şeir vəzninin yazıldığı dilin fonetik quruluşundan asılılığı sübut edilmişdir. Türk dillərinin məntiqi tipinin yaradılması ideyası da məhz akademik A.Axundova məxsusdur.

   Konfransın sonunda isə magistr I kurs tələbəsi Nərmin Kərimovanın “Ağamusa Axundovun dilçilik elmində rolu” adlı məruzəsi dinlənilib.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image