“Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin və “Naxçıvan Biznes Təlim Akademiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Regionda qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda elmi praktik konfrans keçirilib. “Naxçıvan” Universitetinin akt zalında keçirilən konfransı giriş sözü ilə ali təhsil ocağının tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu açaraq bildirmişdir ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Onların bir çoxunun adları çoxəsirlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. H.Bağırsoylu onu da vurğulamışdır ki, sevindirici haldır ki, ölkəmizdə sahibkar qadınlar formalaşır. Əksər xanımlarımız biznesdə daha çox uğur qazanmağa meyillidirlər. Qadınların da fiziki baxımdan fəal olduğunu nəzərə alsaq, onların böyük uğurlar qazana biləcəyinə ehtimal edirik. Qadın sahibkarlığının inkişafı yoxsulluğun azalmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edəcək.
Konfransda “Naxçıvan Biznes Təlim Akademiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mehparə Məmmədova “Qadın sahibkarlığının inkişaf problemləri” mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, qadınların işgüzar və intellektual potensialından səmərəli istifadə edilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı, orta təbəqənin daha da gücləndirilməsi kimi prioritet məqsədlərin reallaşması baxımından əhəmiyyətlidir. Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi və sahibkar qadınların sayının artırılması prioritet istiqamətlərdəndir. Ölkədə bu sahədə təkmilləşdirilmiş qanun layihələri mövcuddur. Azərbaycanda qadın sahibkarlığı və bütövlükdə sahibkarlığın inkişafı üçün ciddi əsaslar var. Bu baxımdan hüquqi əsasların yaradılması, qadın sahibkarlar, ümumiyyətlə , digər sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara güzəşli kreditlərin verilməsi, bir çox sahələrdə güzəştli vergi dərəcələrinin təyin edilməsi və xüsusi kənd təsərrüfatı ilə məşğul olan sahibkarların hər cür vergilərdən azad edilməsi ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün çox ciddi imkan yaradıb. Sevindirici haldır ki, muxtar respublikada fəaliyyət göstərən qadınlar bu imkanlardan səmərəli istifadə edirlər.
Sonra Universitetin İdarəetmə fakültəsinin müəllimi Mədinə Alahverdiyevanın “Qadın sahibkarlığının inkişafında yeni meyillər: müsbət tendesiyalar, təşəbbüslər və qazanılmış təcrübə” , həmin fakültənin beynəlxalq münasibətlər ixtisasının III kurs tələbəsi Həsən Həsənovun “Maarifləndirmə qadınların iqtisadi asılılığının aradan qaldırılmasında əsas amil kimi” mövzularında çıxışları dinlənilmişdir.