“Naxçıvan” Universitetində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva tədbir iştirakçılarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi şanlı qələbə ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük zəfərə imza atıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı ordumuzun rəşadəti sayəsində qazanılmış böyük zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub.
Əldə olunan bu qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji tərəflərini qeyd edən rektor tarixi zəfərimizdə milli-mənəvi dəyərlərin rolunu da xüsusi vurğulayıb. O milliyyətindən, dinindən, irqindən asılı olmayaraq hər bir vətəndaşımızın həqiqətən də bir yumruq kimi eyni amal uğrunda birləşməsinin bizi qalib ölkəyə çevirdiyini vurğulayıb.
Tədbir bədii hissə ilə davam edib. “Pedaqoji” fakültə tələbələrinin ifasında vətənpərvərlik mahnıları və şerləri səsləndirilib.Yekunda isə Zəfər Günü ilə bağlı silsilə şəklində təşkil olunan idman yarışlarının qalibləri mükafatlandırılıb.