Ümummilli lider Heydər Əliyev və Azərbaycanın Qurtuluşu

Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. Bu fikirlər “Naxçıvan” Universitetində 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar keçirilən “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın Qurtuluşu” mövzusunda Heydər Əliyev lektoriyasının növbəti məşğələsində səsləndirilib. Lektoriyanı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açıb.

   Universitetin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevin “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın Qurtuluşu” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, 1991-ci ildə dövlət müstəqilliyini elan edən Azərbaycan ürəkdolusu sevinməyə macal tapmamış ağır problemlər məngənəsinə düşmüşdü. O zaman ölkəyə rəhbərlik edən şəxslərin bacarıqsızlığı, ağılsız addımları ağır nəticələrə gətirib çıxarmışdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər bütün qüvvəsini, problemlərin həllinə, Vətəni və xalqı düşdüyü fəlakətli vəziyyətdən xilas etməyə yönəltdi, canı qədər sevdiyi Azərbaycan xalqı üçü fədakarlıqla mübarizəyə başladı. Azərbaycana ikinci rəhbərliyi dövründə-cəmi 10 il ərzində ümummilli liderimizin həyata keçirdiyi möhtəşəm tədbirlər, Vətən və xalq naminə gördüyü misilsiz işlər neçə-neçə qərinəyə əsrə bərabərdir. Natiq onu da vurğuladı ki, 15 iyun Milli Qurtuluş Günü məhz ümummilli liderimiz Heydər Əliyevin böyük siyasətçilik fəaliyyəti və əzmi ilə xalqımızı, ölkəmizi, ictimai-siyasi böhrandan, dövlət müstəqilliyi və ərazi bütövlüyünün itirilməsi təhlükəsindən xilas olunduğu bir tarixi gündür. Səriştəsiz, naşı hakimiyyət nümayəndələrinin bacarıqsızlığı üzündən siyasi təhlükəyə sürüklənən Azərbaycan Respublikasının dövlət müstəqilliyi, məhz ulu öndərin nicata çağırışı, cəsarətli siyasi müdaxiləsi və fəal siyasətə başlaması ilə qorunub saxlanmışdır.Milli Qurtuluş Günü ulu öndərin böyük bacarığı, xilaskarlıq missiyası ilə Azərbaycanı Azərbaycana qaytarmaq tarixidir.

   Məruzəçi Azərbaycandakı, o cümlədən Naxçıvan Muxtar Respublikasındakı bugünkü misli görünməmiş inkişafdan, elm, təhsil, mədəniyyət, orduquruculuğu sahəsində qazanılan nailiyyətlərdən bəhs etmiş, bütün bunları Qurtuluşun real bəhrələri kimi dəyərləndirmişdir.

    Sonda 15 iyun Milli Qurtuluş Gününə həsr edilmiş slyad nümayiş etdirildi.