Müasir dövrdə tərbiyənin aktual problemləri

“Naxçıvan” Universitetində “Müasir dövrdə tərbiyənin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı universitetin rektoru, professor İsmayıl Əliyev  açaraq müasir dövrümüzdə tərbiyənin  aktual problemləri sırasında ailə tərbiyəsi və ictimai tərbiyəni ön plana çəkmiş,bu barədə ətraflı danışmışdır.

   Konfransda universitetin pedaqogika və psixologiya kafedrasının dosenti Səbuhi İbrahimovun “Şərq aləmində dərrakə səviyəsi və əxlaqi kamillik”, İnformatika müəllimliyi ixtisasının II kurs tələbəsi Gülay Əliyevanın “Fiziki tərbiyə və onun problemləri” və Xarici dil müəllimliyi ixtisasının III kurs tələbəsi Zəhra Quliyevanın “Ekoloji tərbiyənin müasir problemləri” mövzularında çıxışları dinlənilmişdir.Bildirilmişdir ki, tərbiyə sosial hadisədir, o fərdləri cəmiyyət həyatına hazırlayır. Lakin insanların bioloji varlıq kimi mövcudluğu da öyrənmə öyrətmə kimi fitri təbii təlabatları ödənilmədən mümkün deyildir. Tərbiyə geniş mənada həm də təbii qanunauyğunluğu özündə əks etdirən hadisədir. Hər bir insan valideyn kimi uşaqlarına təsir etməyin, tərbiyələndirməyin səmərəli yol və vasitələrini bilməlidir. Formalaşdırma, tərbiyələndirmə göründüyü kimi geniş və mürəkkəb məsələdir. İnsanların formalaşdırılması, həyat üçün hazırlanması yalnız təlim - tərbiyə müəssisələrinin işi ilə məhdudlaşmır. Cünki, hər bir insan - uşaq, yeniyetmə, gənc, işçi – həm də bir ailənin üzvü, bir mühitin yaşayanı, bir kollektivin nümayəndəsi, bir idarənin işçisidir. Bu birliklər, mühit, insanlara müxtəlif təsirlər göstərir. Elə məhz, ona görə də ali təhsil müəssisələrində də pedaqoji biliklər verilməsi, cəmiyyətdə pedaqoji biliklərin təbliği dövrün aktual problemlərindən biridir.