“Naxçıvan” Universiteti İdarəetmə fakültəsinin tələbələri Hüseyn Cavidin ev muzeyində olublar

  “Naxçıvan” Universiteti İdarəetmə fakültəsinin tələbələri Universitetin Turizm İnformasiya mərkəzinin müdiri Şahnaz Məmmədovanın rəhbərliyi ilə 08.12.2016 tarixində Azərbaycanın görkəmli mütəfəkkiri, şair-filosof və dramaturq Hüseyn Cavidin ev muzeyində olublar.Muzeyin bələdçisi Fəridə Əliyeva tələbələri salamlayıb və muzey haqqında məlumat verib. O bildirib ki, ev muzeyi filosof şair, dramaturq Hüseyn Cavidin həyat və fəaliyyətini, zəngin irsini əbədiləşdirmək və təbliğ etmək  məqsədilə ulu  öndər Heydər Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin “Hüseyn Cavidin anadan  olmasının 100 illiyi haqqında” qəbul etdiyi qərara əsasən, Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  10 iyul 1995-ci ildə 160 saylı  qərarı ilə yaradılıb. 24 oktyabr 2002-ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə Hüseyn Cavidin Ev Muzeyinin rəsmi açılış mərasimi keçirilib.
   Muzeyin əməkdaşı sahəsi 245 m²-ə bərabər 4 ekspozisiya zalı olan, ümumilikdə 6 otaqdan ibarət muzeydə yer alan dramaturq və ailə üzvlərinə aid müxtəlif əşyalar, muzeyin əsas fondunda 4000, elmi-köməkçi fondunda isə 200, ekspozisiyada isə 600-dən çox eksponat, o cümlədən, məişət və geyim əşyaları, Hüseyn Cavidin nəşr olunmuş kitabları, səhnə əsərlərinin proqram və afişaları, fotoşəkillər, Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsinin maketi, şairə həsr olunmuş sənət əsərləri haqqında tələbələrə məlumat verib.
   Muzeyin otaqlarından biri “Matəm otağı” adı altında repressiya otağı kimi ayrılmışdır. Otaqda asılmış “Qara yazı” (O. Sadıqzadə) və “Zordan üstün” (V. Ucatay) rəsm əsərləri həm Hüseyn Cavidə, həm də repressiya qurbanı olmuş bütün Azərbaycan yazıçılarına rekviyem təsiri bağışlayır. Muzeyin digər otağında dramaturqun oğlu Ərtoğrul Cavid və qızı Turan Cavidə aid guşələr muzey ziyarətçiləri üçün açıqdır. Ərtoğrul Cavidə aid olan guşədə onun bəstələdiyi musiqi əsərlərinin not əlyazmaları, istifadə etdiyi kitablar, rəsm əsərləri, patefon valları, məktublar və digər sənədlər nümayiş etdirilir.
   Daha sonra tələbələr Hüseyn Cavid məqbərəsini də ziyarət ediblər. Fəridə Əliyeva məqbərə haqqında məlumat verib. Kompleks ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilib. Hüseyin Cavidin həyat yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrulun və qızı Turan Cavidin qəbirləri də məqbərənin sərdabəsindədir. Mişkinaz xanım və oğlu Ərtoğrulun məzarları sərdabə inşa edilərkən – 1996-cı ildə buraya köçürülüb, Turan Cavid isə dünyasını dəyişdikdən sonra ailə üzvlərinin yanında dəfn olunub.