Tələbələrlə görüş keçirilib

    Məlum olduğu kimi Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Sərəncam imzalamışdır. Həmin sərəncamla əlaqədar Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin bir qrup əməkdaşı “Naxçıvan” Universitetində olmuş, Universitetin İqtisadiyyat fakültəsinin Turizm və otelçilik ixtisaslarında təhsil alan tələbələrlə Azərbaycan xalçalarının tarixi haqqında söhbət aparmışlar.

     Universitetin mühazirə zalında keçirilən görüşdə Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova çıxış edərək  bildirmişdir ki, Azərbaycanın qədim diyarı Naxçıvan memarlıq üslubu, arxeologiya, fəlsəfə məktəbləri, köklü təhsil ənənələri ilə yanaşı, xalçaçılıq sənəti ilə də dünyada tanınıb. Bu gözəl və füsunkar təbiətli yurdumuzda vaxtilə evlərdə palaz, kilim, sumax, vərni, şəddə, zilli və cecim kimi xalça növləri toxunub, xalçatoxuma sənəti inkişaf etdirilib.Muxtar respublikada aparılan arxeoloji tədqiqatlar nəticəsində xalça toxunuşunda istifadə olunan ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları kimi materialların əldə edilməsi Naxçıvanın Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübuta yetirir. Orta əsr ərəb müəllifləri də Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar veriblər.O da vurğulanmışdır ki, Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirən Naxçıvan xalçaları bu gün də dəyərini saxlamaqdadır. Naxçıvanın Şərur, Şahbuz, Ordubad, Culfa bölgələrində daha geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi diqqətləri cəlb edir. Sonra tələbələr Naxçıvan xalçalarını əks etdirən slayda eləcə də filmə baxmış, onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.