Tələbə Elmi Cəmiyyətinin yekun konfransı keçirilib

 

   “Naxçıvan” Universitetində 2016-2017-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş konfrans keçirilmişdir.
   Plenar iclası giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq qeyd edib ki, Tələbə Elmi Cəmiyyətinin  əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsil alanların elmi tədqiqat fəaliyyətinin yeni sosial iqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir. Rektor onu da vurğulamışdır ki, Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıclıq məktəbidir. Eyni zamanda, bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. Bu elmi arena tələbələrin nə qədər bilikli, bacarıqlı, elmə bağlı olmalarını nümayiş  etdirmələri baxımından önəmlidir.
   Konfransda Mühasibat uçotu və audit ixtisası üzrə IV kurs tələbəsi Günay Babayevanın “Elektron vergi xidmətləri”, İqtisadiyyat ixtisasının I kurs tələbəsi Aydan Nabatovanın “Tələb və təklif”, Riyaziyyat və informatika müəllimliyi III kurs ixtisasının tələbəsi Türqanə Nəbiyevanın “Sosial şəbəkə xidmətləri” və Xarici dil müəllimliyi ixtisasının III kurs tələbəsi Jalə Məmmədovanın “Learners differences” mövzularında hazırladıqları elmi-tədqiqat işləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
   Məlumat üçün qeyd edək ki, konfrans öz işini “Pedaqogika və Psixologiya”, “Azərbaycan dili və ədəbiyyat”,”İqtisadiyyat”, “Ümumi tarix”, “Təbiət elmlər”,”İdarəetmə”,”Xarici dillər”, “Beynəlxalq münasibətlər”, “Riyaziyyat və informatika”bölmələri üzrə davam etdirmişdir.