Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

"Naxçıvan" Universitetinin "Pedaqoji" və "Xarici dillər" fakültələrinin əyani şöbə üzrə təhsil alan tələbələrinin 2017-2018-ci tədris ilinin yaz semestrində keçəcəkləri pedaqoji təcrübəyə həsr olunmuş başlanğıc konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin rektoru,professor İsmayıl Əliyev açmışdır. Bildirilmişdir ki, pedaqoji təcrübə tələbələrin ali təhsil zamanı aldıqları nəzəri bilikləri tətbiq etmələri, pedaqoji mühitə uyğunlaşmaları, pedaqoji prosesi dərindən mənimsəmələri baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor, ümumtəhsil məktəbləri ilə əməkdaşlığın möhkəmlənməsinə, yüksək ixtisaslı kadr hazırlığına xidmət edəcək pedaqoji təcrübə zamanı məsuliyyət və nizam-intizamın vacib amil olmasından bəhs edib, dərslərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçilməsi, tərbiyəvi tədbirlərin təşkili ilə bağlı tövsiyələrini çatdırıb.

   Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli təhsil strategiyasının bu güngkü uğurlarından, bu siyasətin muxtar respublikada nümunəvi şəkildə davam etdirilməsindən, elm ve təhsilin inkişafına hərtərəfli dövlət qayğısı göstərilməsindən danışıb. Bildirilib ki,  “Naxçıvan” Universiteti də göstərilən qayğıdan nəsibini alan Azərbaycan ali məktəbləri arasında özünəməxsus yeri olan müasirtipli təhsil ocağıdır. Nazir qeyd edib ki, pedaqoji təcrübə ali məktəbin tədris planında xüsusi yeri olan bir prosesdir. Pedaqoji təcrübə bütövlükdə təhsi müəssisəsi professor-müəllim heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini aşkarlayacaq bir vasitədir. Növbəti pedaqoji təcrübə də gənclərin qocaman pedaqoqların zəngin və nümunəvi iş təcrübələrini öyrənmələri, eləcə də gələcəyin mükəmməl pedaqoqları kimi yetişmələri baxımından öz bəhrəsini verəcəkdir. 

    Sonra Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin, Pedaqoji faklütənin dekan müavini Nazim Mahmudovun, Pedaqogika və psixologiya kafedrasının müdiri Nəzakət Yusifovanın, metodist Tural Paşayevin və ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli Yusifovun çıxışları dinlənilib. Bildirilib ki, ümumilikdə 112 nəfər tələbə Heydər Əliyev adına tam orta məktəbdə, 8 nömrəli tam orta məktəbdə və 15 nömrəli tam orta məktəbdə 7 həftəlik təcrübə keçəcəklər. Çıxışlarda o da vurğulanıb ki, təcrübə zamanı ixtisas metodistləri mütəmadi olaraq məktəblərdə olmalı, tələbələrə lazımi tövsiyyələr verməli, dərslərdə iştirak etməli və sınaq dərsin müzakirəsini təşkil etməlidirlər. Tələbələr təsdiq olunmuş cədvəl üzrə dərsə başlamazdan əvvəl ən azı bir gün əvvəl icmalları hazırlamalı, ixtisas metodisti və fənn müəllimi tərəfindən yoxlanılıb razılıq verildikdən sonra dərsi tədris etməlidirlər.