İstehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib

   “Naxçıvan” Universitetində İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbəsinin “İqtisadiyyat”, “Mühasibat uçotu və audit”, “Beynəlxalq münasibətlər” və “Maliyyə” ixtisasları üzrə III kurs tələbələrinin 2017-2018-ci tədris ilinin yaz semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilib. Konfransı giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu açaraq istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışaraq onlara uğurlar arzulayıb. Bildirilib ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir. İstehsalat təcrübəsinin əsas məqsədi tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən öyrənilməsi, onların lazımı peşə qabiliyyətini mənimsəməsi, eləcə də peşəkar kadr kimi yetişməsindən ibarətdir.  

   Konfransda İqtisadiyyat kafedrasının müdiri Dilsuz Qasımovun “İqtisadiyyat ixtisası üzrə istehsalat təcrübəsinin keçirilməsində tələbələrin əsas vəzifələri”, İdarəetmə kafedrasının müdiri İradə Bağırovanın “İstehsalat təcrübəsi zamanı qarşıya qoyulmuş əsas hədəflər”, Təcrübə üzrə metodist Tural Paşayevin “İstehsalat təcrübəsinin təşkili, gedişi və qarşıda duran vəzifələr” mövzularında çıxışları dinlənilib. Qeyd olunub ki, 58 tələbə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində, Statistika Komitəsində, Mərkəzi Bankda, Maliyyə Nazirliyində və Naxçıvan Muxtar Respublikası Xarici İşlər İdarəsində 8 həftəlik təcrübə keçəcəklər.