Erasmus+ məlumatlandırma günü keçirilmişdir

25 dekabr tarixinde Erasmus+ Bakı ofisi və  Bakı Mühəndislik Universiteti  birgə məlumatlandırma günü təşkil etmişdir. Tədbirdə Azərbaycan Təhsil Nazirliyinin, Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin təmsilciləri iştirak ediblər. “Naxçıvan” Universitetini Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli təmsil etmişdir.

İlk öncə açılış nitqi ilə Bakı Mühəndislik Universitetinin rektoru, prof. Havar Məmmədov çıxış edib.  Daha sonra Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin müdir müavini Şahin Bayramov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və ondan irəli gələn məsələlər haqqında danışıb.

Avropa İttifaqının nümayəndəsi Elnarə Tağıyeva  Avropa İttifaqının təhsilin inkişafına xüsusi diqqət yetirdiyini və layihələrdə Azərbaycan universitetlərinin iştirak statistikası haqqında məlumat verib.

Erasmus+ Bakı ofisinin rəhbəri Pərviz Bağırov Erasmus+ proqramının milli nümayəndəliyinin fəaliyyəti, hədəf qrupları, ümumi məqsədləri və universitetlərlə əlaqələri barədə məlumat verib. Bildirib ki, ölkəmiz 1995-ci ildən beynəlxalq təhsil layihələrinə qoşulub. İndiyədək Azərbaycandan 45 iri layihə bu proqram vasitəsi ilə həyata keçirilib.