Ali təhsil ocaqlarında yeni çapdan çıxan kitabların təqdimatı olub

   “Naxçıvan” Universitetinin Kitabxana binasında Xarici dillər kafedrasının müəllimləri Zülfüqar Zülfüqarovun, İsrafil Babayevin, Yasin Babazadənin “Your level of translation” və Elmira Hüseynova, Könül Babayevanın “English for everyone” kitablarının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə universitetinin tədris isləri üzrə prorektoru Hüseyn Bağırsoylu açaraq hər iki kitabın müəlliflərini təbrik etmiş və kitabların əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, İnkişafın müasir mərhələsində xarici dillərin həyatımızda rolu olduqca çoxdur. Xüsusilə də ingilis dilinin.Bu dil vasitəsilə insanlar dünyaya inteqrasiya edir, diqqət çəkir və kariyera baxımından irəli addımlar atırlar. Hazırda ingilis dilini bilmədən yüksək səviyyədə müvəffəqiyyət də əldə etmək asan deyil. “Your level of translation”(Sənin tərcümə etmə səviyyən)  kitabı olduqca maraqlıdır. Kitabda xüsusilə tələbələrin tərücmə səviyyəsini təkmilləşdirmək və  onların söz ehtiyatlarını artırmaq üçün ən səmərəli üsuldan istifadə edilir. Kitabda müxtəlif sahələri əhatə edən ifadələr, sözlər verilib, vəsait araşdırma xarakterli qurulub. Kitab vasitəsilə tərcümənin bir çox xüsusiyyətləri geniş şəkildə öyrənilir.

   Təqdimat mərasimində Xarici dillər kafedrasının müdiri Anara Nəsirlinin, həmin kafedranın dekan müavini Yasin Babazadənin, İngilis dili müəllimliyi ixtisasi üzrə II kurs tələbələri Günel Priyevanın və Şahnaz Əhmədovanın çıxışlar dinlənilib. Bildirilib ki, “English for everyone” (İngilis dili  hamı üçün)  kitabı ingilis dilinin bir başa öyrənilməsində yeni tələblərə uyğun olaraq hazırlanıb. Kitab 22 başlıqdan ibarətdir. Bundan başqa adı çəkilən dərslik daha əvvəl yazılmış ingilis dili dərsliklərindən müəyyən xüsusiyyətləri ilə fərqlənir.

   Sonda müəlliflər təhsilə göstərilən qayğıdan və onlar üçün yaradılan şəraitdən danışmışlar.