Ali təhsil ocağında Novruz şənliyi keçirilib.

 

“Naxçıvan” Universitetində Novruz bayramı ilə əlaqədar  tədbir keçirilib. Tədbir başlamazdan əvvəl iştirakçılar ali təhsil ocağının konfrans zalının önündə tonqal yandırıblar.

   Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev  açaraq Novruz bayramı münasibətilə təbrik etmiş, bu taixi günün əhəmiyyətindən danışmışdır. Bildirilib ki, Azərbaycan xalqının ən qədim bayramları içərisində Novruz öz həyatiliyi ilə daha çox seçilir, daha çox fərqlənir. Bu bayram xalq bayramlarımızın bəzilərinin özülü-bünövrəsi, başının tacı-zirvəsidir. Məlumdur ki, Sovet hakimiyyəti “pantürkist” və “ panislamist” damğası ilə xalqımızı milli və din dəyərlərindən uzaqlaşdırmağa, onun minillik yaddaşını silməyə, məhv etməyə çalışdı. Bu hücum Novruz bayramından da yan keçmədi. Sosialist ideologiyası bayramların xalqın milli şüurunda konservativ hadisə olduğunu, yəni gizli olsa da insanların həyat və məişətində yaşadığını bildirdi. Ona görə də xalqımızı öz milli dəyərlərindən, bu dəyərləri yaşadan Novruz bayramından uzaqlaşdırmaq üçün bütün imkanlardan sərt şəkildə istifadə edirdi. Ulu öndərimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə bütün bunların qarşısını almaq üçün çox incə, müdrik siyasət aparmış, bayramlarımızın əvəzolunmaz milli dəyərlər olduğunu, min illər bundan əvvvəl yaranıb bu günə gəlib çatdığını, bizim isə onları qorumağa borclu olduğumuzu göstərmişdir. Müstəqillik illərində isə bu əziz bayramın humanist, dünyəvi dəyərlərinin türk düşüncəsinin təntənəsi kimi qəbul olunması, kütləvi şəkildə, dövlət səviyyəsində keçirilməsi, ümummilli liderin müdrik siyasətinin tərkib hissəsi olmuşdur.

   Sonra səhnəyə Kosa və Keçəlin gəlməsi, şən-hazırcavablar klubunun çıxışları, eləcə də tələbələrin ifasında səsələndirilən maraqlı musiqi nömrələri tədbir içtirakçıları tərəfindən böyük alqışlarla qarşılanıb.Tədbirdə milli rəqslərimizin nümayişi iştirakçılara xoş ab-hava bəxş edib.