“Naxçıvan” Universitetində “15 İyun – müasir tariximizin dönüş mərhələsidir” adlı Milli Qurtuluş Gününə həsr olunmuş lektoriya keçirilib.

  Çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu bildirib. N.Əliyeva vurğulayıb ki, Azərbaycanın çağdaş tarixi Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Həmin dövrdə Azərbaycan böyük təhlükələrlə üzləşmiş, respublika parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran rektor ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. Qeyd edib ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın zəfərlərinin bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

  “Ümumi tarix” kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov “XX əsrin 80-90-cı illərində Azərbaycanda baş verən siyasi hadisələr” mövzusunda məruz edib. Bildirib ki, 15 iyun 1993-cü il müasir tariximizə böyük qayıdış, Milli Qurtuluş Günü kimi yazılıb. O qeyd edib ki,  Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı bütün təhlükələrdən xilas edib, xalqın istək və arzularını, onun dövlətçilik ənənələrini, milli maraq və mənafelərini müstəqillik ideyası əsasında birləşdirib.

  Sonra “Ümumi tarix” kafedrasının müəllimləri Mədət İsmayılovun və Altay Cəfərlinin məruzələri dinlənilib. Çıxış edənlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, xalqımızın xoşbəxt gələcəyi naminə dahi şəxsiyyətin misilsiz xidmətlərindən, həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan bəhs ediblər.

   Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

 

           

 

Bizimlə əlaqə

Naxçvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

  • dummy(036) 545 57 01

  • dummy(036) 545 15 16

  • dummy info@nu.edu.az