Ali təhsil ocağında elmi-praktik konfrans keçirilib

   “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin və “Naxçıvan Biznes Təlim Akademiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Regionda qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda  elmi praktik konfrans keçirilib. “Naxçıvan” Universitetinin akt zalında  keçirilən konfransı giriş sözü ilə ali təhsil ocağının tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu açaraq bildirmişdir ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Onların bir çoxunun adları  çoxəsirlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. H.Bağırsoylu onu da vurğulamışdır ki, sevindirici haldır ki, ölkəmizdə sahibkar qadınlar formalaşır. Əksər xanımlarımız biznesdə daha çox uğur qazanmağa  meyillidirlər. Qadınların da fiziki baxımdan  fəal olduğunu  nəzərə alsaq, onların böyük uğurlar  qazana biləcəyinə ehtimal edirik. Qadın sahibkarlığının inkişafı yoxsulluğun azalmasına, qadınların iqtisadi və sosial  nüfuzunun  artmasına  və bir çox hallarda  cəmiyyətdə gender bərabərsizliyinin  aradan qaldırılmasına yardım edəcək.

   Konfransda “Naxçıvan Biznes Təlim Akademiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin  direktoru Mehparə Məmmədova “Qadın sahibkarlığının  inkişaf problemləri” mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, qadınların işgüzar və intellektual potensialından səmərəli istifadə edilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı, orta təbəqənin  daha da gücləndirilməsi  kimi prioritet məqsədlərin  reallaşması   baxımından  əhəmiyyətlidir. Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinə   cəlb edilməsi  və sahibkar qadınların  sayının artırılması  prioritet istiqamətlərdəndir. Ölkədə bu sahədə  təkmilləşdirilmiş qanun layihələri mövcuddur. Azərbaycanda qadın sahibkarlığı və bütövlükdə sahibkarlığın inkişafı üçün ciddi əsaslar var. Bu baxımdan hüquqi əsasların  yaradılması, qadın sahibkarlar, ümumiyyətlə , digər sahibkarlıq fəaliyyəti ilə  məşğul olanlara güzəşli kreditlərin  verilməsi, bir çox sahələrdə  güzəştli vergi dərəcələrinin  təyin edilməsi  və xüsusi kənd təsərrüfatı  ilə məşğul olan  sahibkarların hər cür vergilərdən azad edilməsi  ölkədə sahibkarlığın  inkişaf etdirilməsi üçün  çox ciddi imkan yaradıb.  Sevindirici haldır ki, muxtar respublikada fəaliyyət göstərən qadınlar  bu imkanlardan səmərəli istifadə edirlər.

   Sonra Universitetin İdarəetmə fakültəsinin müəllimi Mədinə Alahverdiyevanın “Qadın sahibkarlığının  inkişafında  yeni meyillər: müsbət tendesiyalar, təşəbbüslər və qazanılmış təcrübə” , həmin fakültənin beynəlxalq münasibətlər ixtisasının  III kurs tələbəsi  Həsən Həsənovun “Maarifləndirmə qadınların iqtisadi asılılığının aradan qaldırılmasında əsas amil kimi” mövzularında çıxışları dinlənilmişdir.