Ali təhsil ocağında Beynəlxalq Qadınlar Bayramı qeyd olunub

   “Naxçıvan” Universitetində 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu açaraq qadınları təbrik etmiş onlara göstərilən qayğıdan danışmışdır. Bildirilmişdir ki, Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir.

   Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü bayram kimi ilk dəfə Romada keçirilsə də indi hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Əvvəllər yalnız qadınlar günü kimi tanınan bu bayram Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən Beynəlxalq Qadınlar Günü olaraq qeyd edilir. Bineyi - qədimdən Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

   Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. Taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.

   Sonra universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov, ali təhsil ocağının müəllimləri Nazim Mahmudov və Mədət Səfərov çıxış edərək qadınları bayram münasibətilə təbrik etmişlər.

   Sonda qadınlara hədiyyələr təqdim olunmuşdur.