Ali təhsil ocağında “Məzun günü” keçirildi

    “Naxçıvan” Universiteti tələbələrinin məzun günü keçirilib.Ali təhsil ocağının konfrans zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
   Universitetin rektoru, professor İsmayıl Əliyev çıxışında məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
  Rektor universitetin fəaliyyəti ilə bağlı məlumat verərək bildirib ki, bu gün “Naxçıvan” Universiteti, sözün əsl mənasında, inkişaf mərhələsini yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində 7 binadan və yardımçı qurğulardan ibarət müasir universitet şəhərciyi salınıb.
   İ.Əliyev  “Naxçıvan” Universitetinin indi dünyanın bir çox nüfuzlu universiteti ilə əməkdaşlıq etdiyini bildirərək deyib ki, ali məktəbdə tələbələrin yüksək təhsilə yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb. Belə ki, kompyuter mərkəzləri, müasir və zəngin ədəbiyyatlarla təchiz olunmuş kitabxana, yüksəksürətli simsiz internet, açıq və qapalı idman meydançaları tələbələrin ixtiyarına verilib. 2014-2015-ci tədris ilinə qədər 11 ixtisasın olduğu “Naxçıvan” Universitetində bu il artıq 15 ixtisas üzrə tədris aparılır. Bu il universitetdə bakalavr pilləsi üzrə 188 nəfər tələbə məzun olur. Sevindirici haldır ki, muxtar respublika rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində gənclərimiz intellektual və yaradıcılıq potensiallarını daim artırır, təhsildə uğurlar qazanır, müxtəlif dövlət orqanlarında, icra strukturlarında, özəl bölmədə geniş təmsil olunurlar.

    Ali təhsil ocağının tədris  işləri üzrə prorektoru İbrahim Kazımbəyli   məzunları təbrik etmiş, muxtar respublikada təhsilə göstərilən qayğıdan danışıb. Tədbirdə valideyinlər adından çıxış edənlər universitetdə yaradılan şəraitə və gənclərə göstərilən qayğıya razılıqlarını ifadə ediblər.
    Məzunlar çıxışlarında universitetdə təhsil aldıqları müddətdə əhatə olunduqları yüksək diqqət və qayğıya, onlar üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonra universitetin ictimai və mədəni həyatında fərqlənən bir qrup məzun mükafatlandırılıb. 
   Tədbirin bədii hissəsində tələbələrin  ifasında səslənən maraqlı musiqi nömrələri, rəqslər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.