Ali təhsil ocağının əməkdaşları Avrasiya Universitetlər Biriliyinin 2018 samitində iştirak etmişlər

 

  “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri təhsilin keyfiyyətinin yüksəldilməsinə, onun strukturunun, idarəetmə metodlarının, müəllimlərin pedaqoji ustalığının, tədris proqramlarının məzmununun, texniki təchizatının,təhsil prosesinin beynəlxalq standartlara uyğun şəkildə qurulmasına və inkişafına yönəlmişdir. “Naxçıvan” Universiteti yarandığı gündən xarici əlaqələrin qurulmasına, əməkdaşlığa daim önəm vermiş bu istiqamətdə ardıcıl olaraq fəaliyyət göstərir.

   Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq ali təhsil ocağının tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli “Naxçıvan” Universitetinin üzvü olduğu EURAS-ın (Avrasiya Universitetlər Birliyinin) ənənəvi olaraq təşkil etdiyi EURİE 2018 samitində iştirak etmişdir. Samit çərçivəsində təhsil sərgisi təşkil edilmişdir. Sərgidə universitetlərin bir-biri ilə qarşılıqlı əlaqə qurmalarına şərait yaradılmışdı. Sərgiyə 100-ə yaxın ölkənin 200-ə yaxın universitetləri qatılmışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Xəzər Universitetinin, Naxçıvan Dövlət Universitetinin və digər ali təhsil ocaqlarının sərgi iştirakçıları bilavasitə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə etmişlər.

     Səfər çərçivəsində Avrasiya Universitetlər Birliyinin rəhbəri, İstanbul Aydın Universitetinin təsisçisi Mustafa Aydınla “Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylunun görüşü olub. Görüş zamanı hər iki universitet arasında ikili diplom məsələsi müzakirə olunmuş və ilkin başlanğıc mərhələnin təməli qoyulmuşdur. Universitet əməkdaşları Mustafa Aydına Naxçıvan Muxtar Respublikasının tarixi abidəsini əks etdirən hədiyyə təqdim etmişlər. Onu da bildirək ki, bundan başqa, Hüseyn Bağırsoylu və Rəcəb Cəfərli tədbir müddətində  Malaziyanın Malaziya  Universiteti, Türkiyənin İstanbul Gedik Universiteti  ilə ilkin razılaşmalar əldə etmişlər.  Həmçinin İran İslam Respublikanın Xorasan şəhərində yerləşən Birjnad Universiteti ilə tələbə və müəllim mübadiləsi və elmi əməkdaşlıq mövzusunda ikili razılaşma imzalamış, eləcə də Türkiyənin Pamukkale Universiteti ilə Turizm ixtisası üzrə ikili diplomun verilməsi üzrə razılıqlar əldə edilmişdir.

     Sərgi çərçivəsində universitetin stendləri, tanıtım jurnalları, loqoları sərgi  iştirakçılara paylanmışdır.