“Naxçıvan” Universitetində III kurs tələbələrinin istehsalat təcrübəsinin yekununa həsr olunmuş konfrans keçirilmişdir

  Tədbiri giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq qeyd etmişdir ki, müstəqil respublikamızın inkişafında, möhkəmlənməsində və hüquqi-demokratik, dünyəvi dövlət kimi dünyaya inteqrasiya olunmasında təhsil siyasətinin müstəsna rolu vardır.Məhz buna görədir ki, ulu öndər Heydər Əliyev xüsusi olaraq qeyd edirdi ki, məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam. Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Ümummilli liderin fikrincə, hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Gənclərin əsas vəzifəsi isə özünü ölkəmizin inkişafına, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.

  Çıxışçı onu da qeyd etmişdir ki, universitetin Maliyyə, Mühasibat uçotu və audit, Beynəlxalq münasibətlər və İqtisadiyyat ixtisaslarının 8 həftəlik istehsalat təcrübəsi uğurla başa çatmışdır. 

  Sonra Beynəlxalq münasibətlər ixtisasının istehsalat təcrübəsinin rəhbəri Qafqaz Aslansoy, Mühasibat uçotu və audit ixtisasının istehsalat təcrübəsinin rəhbəri İsmayıl Bağırov, Maliyyə ixtisasının istehsalat təcrübəsinin rəhbəri Zakir Məmmədov, İqtisadiyyat ixtisasının istehsalat təcrübəsinin rəhbəri Mayisə Abbasova və İqtisadiyyat kafedrasının müdiri Dilsuz Qasımov tələbələrin keçdiyi istehsalat təcrübəsi haqqında məlumat vermişlər. Sonda çıxışçılar tələbələrə dərslərində uğurlar arzuladılar.