İclasda universitetin rektoru, dosent Nurlana Əliyeva öncə iyulun 16-da keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Ali Məclis sədrinin ali təhsil müəssisələri qarşısında müəyyənləşdirdiyi vəzifələri iştirakçıların diqqətinə çatdırıb. Sonra gündəlikdə olan məsələlər haqqında məlumat verib və  hesabat məruzəsi ilə çıxış edib.

   2021-2022-ci tədris ilinin yekunları, uğurlar və çatışmazlıqlardan danışan rektor yola saldığımız tədris ilində universitetdə təhsil və tədrisin keyfiyyəti ilə bağlı təhlil apararaq  geniş məlumat verib. O, bildirib ki, tədrisin əsas hissəsini məzmun, onun çatdırılması və qiymətləndirmə təşkil edir və hər bir müəllim, təhsilverən bu meyarı nəzərə almalıdır.  Universitetdə görülən işlər haqqında məruzə edən N. Əliyeva fakültələr üzrə dərslərin tənzimlənməsi, tələbələrə yüksək biliyin verilməsi istiqamətində görülən işlər və ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulunun nəticələrindən  söhbət açıb. Bildirib ki, cari tədris ili üzrə 261 nəfər bakalavr tələbə məzun olub ki, bunlardan 4 nəfəri fərqlənmə diplomu ilə universiteti bitirib. Magistratura səviyyəsi üzrə isə universitetdə təhsil alan 26 nəfər magistrantdan 10 nəfəri məzun olub və 7 nəfər magistr tələbəsi isə fərqlənmə diplomu ilə ali təhsil ocağını bitirib.

  Hesabatda tədris və təhsillə bağlı bütün məsələlər əhatə olunub, 2021-2022-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyasının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və cari dövrdə tədrisin təşkili barədə iclas iştirakçıları ilə fikir mübadiləsi aparılıb.  Yeni ixtisasların qəbul planına salındığını vurğulayan rektor akreditasiya olunmuş ixtisaslar, universitetin professor-müəllim heyətinin elmi nailiyyətləri, dünya səviyyəli metrik bazalarda çap olunmuş məqalələr və ümumilikdə universitetin elmi-tədqiqat sahəsində əldə etdiyi uğurlardan və hədəflərdən də danışıb.

  N. Əliyeva kollegiya iclasında “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələrindən də bəhs edib. Bildirib ki, dünyanın 52 universiteti ilə tədris və elmi sahədə əlaqə saxlayan ali təhsil ocağı Erasmus+ proqramı çərçivəsində layihələrin icrasını uğurla davam etdirir. Belə ki, cari tədris ilində EQAC layihəsinin icrası tamamlanıb və layihənin davamlılığının təminatı kimi universitetdə Keyfiyyət Təminatı Mərkəzi yaradılıb. Həmçinin ECAR - Azərbaycanda Rektorlar Konfransının yaradılması adlanan növbəti irimiqyaslı layihənin tərəfdaşı kimi çıxış edən “Naxçıvan” Universitetinin əməkdaşları layihə çərçivəsində Bakı şəhərində təşkil olunan bir neçə təlimdə və Stokholm, Varşava və Krakov kimi bir neçə şəhərdə keçirilən görüşlərdə iştirak edib. Bununla yanaşı, “Naxçıvan” Universiteti beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra fəaliyyətlər də həyata keçirib. Yola saldığımız tədris ilində ali təhsil ocağında 86 əcnəbi tələbənin təhsil alması, 13 may 2022-ci ildə universitetin “Xarici dillər” fakültəsində “Alman dili Tədrisi Mərkəzi”nin açılışı, 24 may 2022-ci il tarixində universitetdə “ Türk Dünyası Digital Vətəndaşlığı” layihəsinin məlumatlandırma gününün təşkili, həmçinin “Naxçıvan” Universitetinin Litvanın Mikolos Romerius Universiteti və İspaniyanın Valladolid Universiteti ilə ikili müqavilə imzalaması buna əyani sübutdur. Rektor növbəti ildən də bu istiqamətdə görülən işlərin uğurla davam etdiriləcəyindən əminliyini dilə gətirib.

   N. Əliyeva məruzəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında2019-cu il 3 aprel tarixli Sərəncamından da bəhs edib. Vurğulayıb ki, həmin Sərəncam muxtar respublikanın təhsil tarixində yeni bir dövrün başlanğıcını qoyub. Sərəncama əsasən universitetimizdə 15-ə yaxın ixtisas 10-a yaxın təşkilata hamiliyə verilib. Bu qərar kadr potensialının inkişafı ilə yanaşı, gənclərin istedadlarının üzə çıxarılması, ideyaların reallaşdırılması və startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm bir addımdır. “Naxçıvan” Universiteti də elmi yeniliklər və innovasiyalrın dəstəklənməsi təşəbbüsünə qoşularaq bu sahədə addımlarını atmaqdadır.

  Hesabatda gündəlikdə duran məsələlərin müzakirəsi ilə bağlı Tədris və tərbiyə işləri üzrə prorektor, dosent Hüseyn Bağırsoylunun və “İdarəetmə” fakütəsi dekanı Tural Məmmədzadənin məruzələri də dinlənilib.

    Prorektor H. Bağırsoylu məruzəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafından söz açıb. Bildirib ki, muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, sənaye müəssisələrinin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi 2022-ci ilin birinci yarım ilində də davam etdirilib. Ali Məclis Sədrinin müvafiq Sərəncamına əsasən “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması istiqamətində işlərə başlanılıb, yun iplik istehsalı sahəsinin yaradılması məqsədilə layihə hazırlanıb. Həmçinin yaradılacaq yeni Duz İstehsalı Müəssisəsi də geniş istehsal imkanları ilə “Sənaye ili”nə mühüm töhfə olacaqdır.

  “İdarəetmə” fakültəsi dekanı Tural Məmmədzadə isə sosial-iqtisadi islahatlar barədə geniş məlumat verib. Vurğulayıb ki, sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi daha da möhkəmləndirilmiş, inkişafın əsas göstəricisi hesab olunan əhali rifahı yüksəldilmiş, yeni iş yerləri açılmış, özünüməşğulluq proqramlarının əhatə dairəsi genişləndirilmişdir.

   Müzakirə olunan məsələlər və hesabatla bağlı iclas iştirakçılarının sualları cavablandırıldıqdan sonra N. Əliyeva yeni tədris ilinə hazırlıqla bağlı, həmçinin görüləcək işlər və qarşıdakı hədəflər haqqında tapşırıq və tövsiyələrini verib.

 

 

 

  

 

 

 

 

 

Bizimlə əlaqə

Naxçvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

  • dummy(036) 545 57 01

  • dummy(036) 545 15 16

  • dummy info@nu.edu.az