Ali təhsil ocağının əməkdaşlarının növbəti ekskursiyası təşkil edilib. Bu dəfə universitetin rəhbərlik və müəllim heyəti Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar.

  Ekskursiyanın əvvəlində muzey kompleksinin yaradılma tarixi haqqında məlumat verilərkən bildirilib ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi 5 min il bundan əvvəl Naxçıvan qədim şəhər mədəniyyətinin formalaşdığı əraziyə daxildir. Şəhərin cənub-şərqində yerləşən bu tarixi qalanın inşa tarixi 632-652-ci illərə aid olunur. Vurğulanıb ki, müharibələr nəticəsində qala bir neçə dəfə dağıdılıb və bərpa edilib.  2010-cu ildən isə qala əsaslı şəkildə bərpa olunmağa başlanılıb.

  Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən muzey yaradılıb,  2014-cü il 7 aprel tarixində isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin açılışı olub.

  “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi 1 ekspozisiya zalından, Nuh Peyğəmbərin məzarüstü türbəsindən, yeraltı sığınacaq - mağara hissədən ibarətdir. Kompleksin muzeyi ilə tanış olan universitet əməkdaşlarına  məlumat verilib ki, orijinal tərtibatı ilə seçilən muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülüb. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada, həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur. Bu muzeydəki eksponatlar bir daha sübut edir ki, Naxçıvanda tapılan tarixi-memarlıq abidələri dünya miqyasında böyük maraqla qarşılanır.

   Sonda “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva ali təhsil ocağının kollektivi adından muzey əməkdaşlarına təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb.

 

Bizimlə əlaqə

Naxçvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

  • dummy(036) 545 57 01

  • dummy(036) 545 15 16

  • dummy info@nu.edu.az