“Naxçıvan” Universitetində silsilə məlumatlandırma günləri keçirilir

  “Naxçıvan” Universitetinin iştirak etdiyi AESOP Erasmus Plus layihəsi çərçivəsində yaradılacaq Tələbə Ombudsman Aparatı haqqında bütün fakültələrdə silsilə şəkildə məlumatlandırma günləri keçirilir. “Naxçıvan” Universitetinin də iştirak etdiyi Erasmus Plus layihəsinə əsasən ali təhsil ocağında bu  ildən etibarən Varşava modelinə uyğun Ombudsmanlıq ofisi yaradılacaq.

   Xarici dillər fakültəsinin tələbələri üçün keçirilən məlumatlandırma günündə  ali  təhsil ocağının rektoru, professor İsmayıl Əliyev tələbələr arasında “Effektiv ünsiyyət və etik qaydaları” barədə təlim keçmişdir. Bildirilmişdir ki, müəllimlərin etik davranış qaydaları  təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir. Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının artırılmasından, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsindən ibarətdir.

   Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli ombudsman, onun “Naxçıvan” universitetində mövqeyi, ombusdmanın fəaliyyət sahələri və səlahiyyətləri haqqında geniş məlumat vermiş, tələbələrin Ombudsman aparatı vasitəsilə hüquqlarının müdafiəsindən  bəhs etmiş və tələbələri maraqlandıran sualları cavablandırmışdır.