“Naxçıvan” Universitetində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib

Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq  kollektivi bayram münasibətilə təbrik etmiş qarşıdan gələn 2018-ci ilin həm xalqımız, həm də elm və təhsilimiz üçün uğurlu olacağına əminliyini bildirmişdir.

Bu gününün tarixi əhəmiyyətindən danışan rektor  bildirmişdir ki,  ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri də dünyada yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin formalaşdırılması idi.Buna isə ümummilli liderimiz 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən nail olmuşdur. Məhz görkəmli dövlət xadiminin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmiş, həmin günün hər il bütün ölkə miqyasında dövlət bayramı kimi qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırmışdı. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etmələri məsələlərini daim diqqət mərkəzində saxlamış, onların problemlərinin həllini və hüquqlarının müdafiəsini təmin etmək üçün dövlətin imkanlarını səfərbər etmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayı xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin ümumi məqsəd, vahid Azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmişdir.

 Universitetin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu,  tərbiyə işləri üzrə prorektor Əli Yusifov və ali təhsil ocağının müəllimi, psixoloq Şahnaz Məmmədova  çıxış edərək XX yüzilliyin 90-cı illərinin əvvəllərində azərbaycançılıq və milli həmrəylik ideyalarının daha geniş vüsət aldığını, Naxçıvanda baş verən hadisələrlə müstəqillik uğrunda şərəfli mübarizənin təməlinin qoyulduğunu, xalqın mütəşəkkillik, milli əqidə və bütövlük nümayiş etdirdiyini xatırlatmışlar.

 Sonra tədbirin bədii hissəsi olmuşdur. Tələbələrin ifasında səsələnən bir-birindən rəngarən musiqi nömrələri, ali təhsil ocağında təhsil alan xarici tələbələrin rəqsləri tədbir iştirakçılarına xoş ab-hava yaşatmışdır.Səhnəyə Şaxta baba və Qar qızın gəlişi də alqışlarla qarşılanmışdır.

Məlumat üçün onu da qeyd edək ki, “Naxçıvan”  Universitetinin əməkdaşlıq etdiyi Kəngərli rayon Xok kənd  orta  məktəbi və  Culfa şəhər 3 nömrəli orta məktəbi, eləcə də,Heydər Əliyev adına tam orta məktəbi “Naxçıvan”  Universiteti tərəfindən  dost məktəb elan olunub. Bunun üçün universitetin rektoru İsmayıl Əliyev adı çəkilən məktəb direktorlarını təltif etmişdir. Bundan başqa təhsildə, eləcə də universitetin sosial fəaliyyətində fərqlənən tələbələrə də diplomlar hədiyyə edilmişdir.