Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik strategiyası və varislik

 

     “Naxçıvan” Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş  “Ümummilli lider Heydər Əliyevin  milli dövlətçilik strategiyası və varislik” mövzusunda  Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib. Lektoriyanı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi  nadir və bənzərsiz  şəxsiyyətlərdən  olaraq  milyonlarla insanın qəlbində  əbədi yaşayır. Həyatının mənasını  xalqa və dövlətə  xidmətdə görən ulu öndərimiz  bu müqəddəs amal uğrunda  ən çətin maneələrə, problemlərə  mərdliklə sinə gərən  millət fədaisi kimi  daim böyük rəğbətlə xatırlanır. Təkrarsız, heyrətamiz yaddaşa malik ulu öndər Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik  idi. Geniş və zəngin fəaliyyəti onu milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevrmişdi. Rektor ümummilli liderimizin xalqın birliyi yolunda  göstərdiyi  titanik fəaliyyəti  hər bir soydaşımız üçün  örnək olmalıdır fikrini diqqətə çatdırmışdır.

     Lektoriyada AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyevin  milli dövlətçilik strategiyası və varislik” mövzusunda geniş  məruzəsi dinlənilmişdir. Bildirimişdir ki, dahi rəhbər Heydər Əliyev Azərbaycanın  iqtisadi mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, mədəniyyətin, eləcə də elm, təhsil və digər prioritet  sahələrin  idarə edilməsi üçün bacarıqlı  və yüksək ixtisaslı  kadrların  hazırlanmasının  vacibliyini mühüm vəzifə kimi  qarşıya  qoyaraq   təhsilin inkişafına xüsusi qayğı göstərirdi. 1968-1978-ci illərdə  orta ümumtəhsil məktəblərinin  sayı  77 faiz artmışdır. 1979-cu ildə  SSRİ-nin 43 şəhərinin  152 ali məktəbində  3315 nəfər azərbaycanlı təhsil alırdı. Ulu öndər hərbi kadrların  hazırlanmasına da  xüsusi diqqət yetirirdi. Azərbaycanda   iki ali hərbi məktəb –Ali Ümumqoşun Komandirləri məktəbi  və Ali Hərbi Dənizçilik məktəbi var idi. Lakin bu məktəblərdə  cəmi 5-6 nəfər  azərbaycanlı  təhsil alırdı. 1971-ci ildə Heydər Əliyev ilk hərbi internat məktəbinin açılmasına nail oldu. Məruzəçi tədbir iştirakçılarının diqqətinə çatırdırmışdır ki, Heydər Əliyev hakimiyyətdə olduğu müddət ərzində Azərbaycan xalqının  inkişafı üçün  xeyli işlər görmüş, bir sözlə Sovet ittifaqının  tərkibində  müstəqil Azərbaycanın  əsaslarını  qoymuş, milli ruh, milli mənəviyyat vətəndaşlarımızın  məfkurəsinə çevrilmişdi.  O da vurğulanmışdır ki, ulu öndər tərəfindən  əsası qoyulan   siyasi və iqtisadi  baza Azərbaycan Respublikasının gələcək  inkişaf  strategiyasının  əsasını təşkil edir. Artıq Azərbaycan dünyanın  mühüm yanacaq-energetika regionlarından birinə çevrilərək  öz inkişafının  keyfiyyətcə yeni mərhələsinə  qədəm qoymuşdur. Bütün bu uğurlar  ulu öndərimiz  Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyev tərəfindən  əsası qoyulan  və uğurla reallaşdırılan iqtisadi  konsepsiyanın və  milli neft strategiyasının  təntənəsidir.