“Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin təşkilatçılığı ilə Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti,filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudovanın şair,publisist Vaqif Məmmədova həsr olunmuş “Vətənə bağlı şair ömrü” kitabının təqdimat mərasimi keçirilib. Tədbir başlamazdan əvvəl Aypara Behbudovanın kitablar toplusunu əks etdirən videoçarx nümayiş etdirilmişdir. Tədbiri giriş sözü ilə universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirmişdir ki, kitabda filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudovanın şair Vaqif Məmmədovun yaradıcılığına dair on beş il ərzində apardığı tədqiqatların bəhrəsi olan ayrı-ayrı məqalələri toplanmışdır. Bu kitab şairin yaradıcılığının əsas istiqamətlərini və mövzu dairəsini geniş şəkildə işıqlandırmaq baxımından təqdirə layiqdir.
Tədbirdə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Nüşabə Məmmədovanın, həmin kafedranın müəllimləri İman Cəfərlinin, Nicat Yaqubovun və “Naxçıvan” Universiteti Elmi Kitabxanasının baş kitabxanaçısı Emilya Süleymanovanın və Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Könül Cəfərsoyun çıxışları dinlənilmişdir. Qeyd olunmuşdur ki,Aypara müəllimə 50-dən çox elmi məqalənin, 9 kitabın tərtbiçisi və 5 kitabın müəllifidir. O özünün elmi-tədqiqat işini alim, nasir,pedaqoq, ictimai xadim olan Vaqif Məmmədova həsr etmiş, 2017-ci ildə “V.Məmmədov xatirələrdə”, 2018-ci ildə isə şairin 70 illik yubileyi münasibətilə “Vətənə bağlı şair ömrü” adlı kitablarını çap etdirmişdir.Birinci kitabda Vaqif Məmmədovun həyat və yaradıcılığı haqqında görkəmli şəxslərin fikirləri, ikinci kitabda isə Aypara Behbudovanın Vaqif Məmmədovun yaradıcılığına dair apardığı tədqiqatların toplusu olan ayrı-ayrı məqalələri toplanmışdır. Bu kitabların ərsəyə gəlməsi onun bir neçə illik elmi axtarışlarının bəhrəsidir. Ümumimiyyətlə Vaqif Məmmədovun mövzu dairəsi geniş, əlvan və zəngindir. O gah oxucusunu Vətəni, torpağı, xalqı, insanları sevməyə çağırır, gah da,haqsızılığa küsür, dünyadan gileylənir. “Düzəlib yoluna düşməsə dünya, Deyəsən dünyadan küsəcəyəm mən “ deyir. Bəli, belə haqsızlıqlara dözə bilməyən şair, Aypara müəllimənin dediyi kimi, yarpaq-yarpaq töküldü, amma xəzəl olmadı. Çünki onu yaşadanlar onu ölməyə, yaddan çıxarmağa qoymadılar.
Sonda tədbirə universitetin rektoru, professor İsmayıl Əliyev yekun vuraraq Aypara Behbudovaya yaradıcılıq uğurları arzulamışdır. Müəllif ona yaradılan şəraitə, göstərilən qayğıya minnətdarlıq etmişdir.