“Naxçıvan” Universitetinin müəllimi İsmayıl Bağırovun və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Hüquqi şəxslərin auditi şöbəsinin əməkdaşı Təbiət Tağıyevin “Vergi məcəlləsinin xüsusi hissəsinin praktiki izahı” adlı kitabı çapdan çıxıb.
Bu münasibətlə “Naxçıvan” Universitetində kitabın təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə universitetin tədris və tərbiyə işləri prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq müəllifləri təbrik etmiş, kitab haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, 863 səhifədən ibarət olan dərs vəsaitində Azərbaycan Respublikasının vergi sisteminin strukturu, ölkədə fəaliyyət göstərən bütün vergi növləri maddələrlə izah edilmiş, vergilərin hesablanması sahəsində müxtəlif məsələlərin həlli nümunələri öz əksini tapmışdır.
Məlumat üçün qeyd edək ki, dərs vəsaiti iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələr, magistrlər, doktorantlar, müəllimlər, mühasibələr, iqtisadçılar, auditorlar,vergi sistemi işçiləri, vergi orqanlarında müstəqil surətdə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Universitetin müəllimləri İqtisadiyyat kafedrasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Dilsuz Qasımovun, İdarəetmə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent İradə Bağırovanın, iqtisadiyyat kafedrasının müəllimi Zahid Qənbərovun, İdarəetmə kafedrasının müəllimi Elvin Əlimərdanovun və Mühasibat uçotu və audit ixtisasının IV kurs tələbəsi Məhərrəm Rəhimovun çıxışları dinlənilmişdir. Onlar müəllifləri təbrik etmiş, yeni-yeni uğurlar arzulamışlar. Sonda müəllif İsmayıl Bağırov yaradılan şəraitə, göstərilən qayğıya minnətdarlıq etmişdir.
Onu da bildirək ki, kitaba universitetin tədris və tərbiyə işləri prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, Vergilər nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri, iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Akif Musayevin, Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” kafedrasının müdiri,iqtisad elmləri doktoru, professor Yaşar Kəlbiyevin və başqalarının rəyləri bildirilmişdir.