“Naxçıvan” Universitetində İqtisadiyyat və İdarəetmə fakültələrinin əyani şöbəsinin “İqtisadiyyat”, “Turizm və otelçilik”, “Mühasibat uçotu və audit”, “Beynəlxalq münasibətlər” və “Maliyyə” ixtisasları üzrə III kurs tələbələrinin 2018-2019-cu tədris ilinin yaz semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilib. Konfransı giriş sözü ilə universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışaraq onlara uğurlar arzulayıb. Bildirilib ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir.
Konfransda İqtisadiyyat kafedrasının müdiri Dilsuz Qasımovun “İqtisadiyyat” və “Turizm və otelçilik” ixtisaslarında istehsalat təcrübəsinin keçirilməsinə dair, İdarəetmə kafedrasının müdiri İradə Bağırovanın “Mühasibat uçotu və audit” və “Maliyyə” ixtisaslarında istehsalat təcrübəsinin keçirilməsinə dair və Ümum tarix kafedrasının müdiri Mehman Şabanovun “Beynəlxalq münasibətlər” ixtisasında istehsalat təcrübəsinin keçirilməsinə dair çıxışları dinlənilib. Qeyd olunub ki, 95 tələbə Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində, Turizm Departamentində, Statistika Komitəsində, Mərkəzi Bankda, Maliyyə Nazirliyində və Naxçıvan Muxtar Respublikası Xarici İşlər İdarəsində 8 həftəlik təcrübə keçəcəklər.