Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında" 2019-cu il aprel ayının 3-də imzaladığı Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin əməkdaşları "Naxçıvan" Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov sözügedən Sərəncamın əhəmiyyətindən danışaraq muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması, tələbələrin praktik biliklər əldə etməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin əməkdaşı Zeynal Hüseynov "Vergilər və vergitutma" mövzusunda geniş məruzə edib. Tələbələrə vergiödəyicilərinin vergi öhdəliklərinə görə təqdim etməli olduğu bəyannamələrin formaları və göndərilmə qaydası haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, vergi.nakhchivan.az internet səhifəsindən İnternet Vergi İdarəsi portalına daxil olmaqla bu əməliyyatları real vaxt rejimində yerinə yetirmək olar. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.