6 mart 2019-cu il tarixdə “Naxçıvan” Universitetinin konfrans zalında “Naxçıvan Muxtar Respublikası-95” devizi altında Universitetin komandaları arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir. Oyunun keçirilməsində məqsəd gəncləri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarının artırılması, intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkil olunması, intellektual oyunların kütələviliyini təmin edilməsidir.
Əvvəlcə “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu çıxış edərək keçirilən oyunun mahiyyəti haqqında məlumat vermiş, oyunda yarışacaq komandaları təqdim etmiş və komandalara uğurlar arzulamışdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək bildirmişdir ki, Nazirlik tərəfindən yeniyetmə və gənclərin intellektual səviyyələrinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkil olunmsı məqsədilə müxtəlif intellektual oyunlar təşkil olunur. Həmçinin, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına əsasən il ərzində bir sıra intellektual oyunların, mədəni-kütləvi tədbirlərin, idman yarışlarının keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün də keçirilən oyunun həmin Tədbirlər Planına əsasən təşkil olunduğunu bildirmiş və komandalara uğurlar arzulamışdır.
Növbəti çıxışda universitetin Tələbə gənclər təşkilatının sədri Zakir Məmmədov çıxış edərək komandaların üzvlərinə oyunun qaydaları barədə məlumat vermiş və onlara uğurlar arzulamışdır.
Oyun 4 mərhələ və final mərhələsindən ibarət olmuşdur. 16 komandanın iştirak etdiyi oyun “Bəlli”, “Şərtli”, “Sirli” “Fərdi” və “Xəmsə” raundlarından ibarət olmuşdur. Sonda raundların nəticələrinə görə ən çox xal nominalı toplayaraq “Azadlıq” komandası I yerə, “Xəzər” komandası II yerə, “İstiqlal” komandası III yerə çıxmışdır.
Qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən diplom, fəxri fərman, oxunması zəruri olan kitablar, o cümlədən Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunmuşdur. Gənclər və İdman Nazirliyinin, “Naxçıvan” Universitetinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən oyunda 80 nəfər gənc iştirak etmişdir.
Sonda oyunda iştirak edən komandaların üzvləri tədbir təşkilatçıları ilə xatirə şəkli çəkdirmişlər.