Aprel ayının 8-də “Naxçıvan” Universiteti tərəfindən görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi həftəsi”nə start verilib.
Tədbirdə çıxış edən ali təhsil ocağının prorektoru, iqsad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili" elan edilməsini şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri Vasif Talıbovun təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Naxçıvanda da Nəsiminin həyat və yaradıcılığı ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Vurğulayıb ki, belə bir tarixi ildə xalqımızın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən “Nəsimi həftəsi” də ölməz sənətkarın həyatı və yaradıcılığının, ideallarını tələbələrimizə tanıdılmasına və təbliğ edilməsinə geniş imkan açır.
Sonra universitetin Tələbə Gənclər Təşkilatının sədri Zakir Məmmədov çıxış edərək bildirib ki, “Nəsimi həftəsi” 8-12 aprel tarixlərini əhatə edəcək. Hazırlanmış qrafikə əsasən bu gün “Nəsimi” tarixi filminin nümayişi, 9 aprel tarixində “Nə? Harada? Nə zaman?” intellektual oyunun keçirilməsi, 10 aprel tarixində Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsinin keçirilməsi, 11 aprel tarixində “İmadəddin Nəsimi-650” adlı elmi konfransın keçirilməsi, 12 aprel tarixində isə tələbələrin Culfa rayonunda Xanəgah Abidə Kompleksinə ekskursiyası nəzərdə tutulub.
Daha sonra ssenari müəllifi Xalq yazıçısı İsa Hüseynov, rejissoru Həsən Seyidbəyli olan “Nəsimi” filminin nümayişi olub. Tarixi-bioqrafik filmin Naxçıvan çəkilişləri maraqlı məqamları ilə yadda qalıb. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı çərçivəsində “Ən yaxşı tarixi film” mükafatına layiq görülən ekran əsərini tələbələr izləyib.