Konfransı giriş sözü ilə universitetin prorektoru, Ali Məclisin deputatı Hüseyn Bağırsoylu açıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən atılan, bu gün uğurla davam etdirilən düzgün iqtisadi siyasət öz nəticəsini verir. Bütün dünyanı ağuşuna alan, inkişaf etmiş ölkələrdə belə iqtisadiyyata ciddi zərbə vuran pandemiya, ölkəmizdə minimal təsirlərlə müşahidə olunur. Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi olan Muxtar Respublikamızda iqtisadi inkişaf artan temp üzrə irəliləyir. Bu isə dövlət tərəfindən illərdir atılan davamlı addımların nəticəsidir. Ötən illər ərzində Muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılıb, biznes subyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilib, əlverişli investisiya mühiti yaradılıb. Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi ilə kiçik və orta sahibkarlığın inkişafına, ən əsası isə özünüməşğulluğun təmin olunmasına və yerli istehsalın artmasına şərait yaranıb. Bütün bunların fonunda ötən illər ərzində yüzlərlə yeni müəssisə fəaliyyətə başlayıb. 2020-ci ilin muxtar respublikada "İxrac ili" elan olunması ilə istehsal olunan məhsulların say və çeşidinin artırılmasına daha böyük imkan yaradılıb.
Bu gün keçirilən elmi-praktik konfransın da əsas mahiyyəti istehsalla məşğul olan sahibkarların, müəssisələrin, o cümlədən iqtisadiyyat yönümlü ixtisaslarda təhsil alan tələbələrin maarifləndirilməsidir.
Prorektor qeyd edib ki, bu gün müəssisələrin əsas məqsədi rəqabətədavamlı məhsulların istehsalıdır. Belə məhsulların istehsalında isə əsas amillər ucuz və keyfiyyətli məhsul istehsal etməkdir. Məhsulun ucuz qiymətə satılması üçün müəssisənin iqtisadi siyasəti düzgün qurulmalı, nəticədə həm müəssisə, həm də istehlakçı qazanmalıdır.
Konfransda növbəti olaraq çıxış edən “İdarəetmə” kafedrasının müəllimi Elvin Əlimərdanlı iştirakçılara “Ümumi istehsal xərclərinin bölüşdürülməsi problemlərinin aşkara çıxarılması yolları” mövzusunda məlumat verib. Ardınca həmin kafedranın müəllimi Xəyal Heydərov çıxış edib və ”Dəyişən xərclər: növləri, hesablanma forması və satış həcminə təsiri”ndən danışıb.
Konfransda növbəti olaraq söz yenə gənclərə verilib. “Mühasibat uçotu və audit” ixtisası üzrə 3-cü kurs tələbəsi Yunis Nəsibli “Müəssisənin sabit və dəyişən xərclərinə təsir edən amillər” mövzusunda çıxış edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında maraqlı müzakirələr aparılıb.