Konfransı giriş sözü ilə universitetin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açıb. Bildirib ki, bu gün dünyada beynəlxalq əlaqələr daha da genişlənir, müxtəlif sahələr üzrə münasibətlər sıxlaşır. Belə şəraitdə xarici dillərin istifadəsi və buna tələb daha da artır. Dünya ilə sıx təmas qurmaq, inkişafdan geri qalmamaq üçün yeni tələblərlə ayaqlaşmaq günümüz üçün olduqca vacibdir. Xarici dillərin yüksək səviyyədə öyrənilməsi həm də şəxsin özünü yetişdirməsi üçün əhəmiyyətlidir.
“Xarici dillər” kafedrasının müəllimi Selcan Abdullayeva “İşgüzar ingilis dilinin ixtisası ingilis dili olmayan fakültələrdə tədrisi zamanı İKT-dən istifadə” mövzusunda məruzə ilə çıxış etmiş, texnoloji imkanların dil öyrənilməsində tətbiqi və bu sahəyə diqqətin artırılmasından ətraflı bəhs edib.
Daha sonra kafedranın baş müəllimi Könül Babayeva “Ali məktəblərdə xarici dilinin tədrisində kommunikativ səriştəyə əsaslanan interaktiv təlim metodunun rolu”ndan danışıb. Vurğulayıb ki, xarici dillərin tədrisində həmin xalqın adət-ənənələri, tarixi, ərazisi haqqında əldə olunan biliklər də dilin dərindən mənimsənilməsinə kömək edir.
Sonra “Xarici dillər” kafedrasının baş müəllimi Elmira Hüseynova İngilis dilinin tədrisində praqmatikanın rolu və əhəmiyyətindən danışıb.
Daha sonra iştirakçıların sualları cavablandırılıb.