“Naxçıvan” Universitetində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Bazar iqtisadiyyatında Azərbaycan modelinin təhlili” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin Elmi katibi, dosent Əli Həşimov açaraq bildirib ki, Azərbaycanın müasir iqtisadiyyatının yaradılması sahəsində ilk və ciddi səylər Ulu öndər Heydər Əliyev tərəfindən onun birinci hakimiyyəti dövrünə təsadüf edir. Azərbaycanın yeni iqtisadi modelinin yaradılmasında aqrar islahatların aparılmasının müstəsna rolu olmuşdur. Azərbaycanın modernləşmə xəttinin mahiyyətini və mənzərəsini ölkənin bütünlüklə dəyişdirilməsinə yönələn əsaslı yenidənqurma və abadlıq işlərinin timsalında görə bilərik.
Daha sonra İqtisadiyyat kafedrasının müdiri, dosent Dilsuz Qasımovun “İnkişafın Azərbaycan modeli” həmin kafedranın müəllimi, dosent Cavadxan Qasımovun “Yeni çağrışlar konteksində Azərbaycan iqtisadi siyasəti” və İqtisadiyyat ixtisası üzrə III kurs tələbəsi Coşğun Hüseynovun “Müstəqillik dövründə Azərbaycanın müasir iqtisadiyyatının yaradılması” mövzusunda çıxışları dinlənilib.
Bildirilib ki, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul edilməsi, ölkə iqtisadiyyatının xarici sərmayələr üçün cəlbediciliyi, əlverişli investisiya mühitinin təminatı baxımından Azərbaycanın yüksək reytinqə malik olması onun iqtisadi modelinin fərqləndirici xüsusiyyətləri və tərkib hissələridir.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.