“Naxçıvan” Universitetində 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə maddi-texniki bazanın müasirləşdirilərək daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər bu ildə də davam etdirilib. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı universitetdə uğurla icra olunur.
Bu baxımdan ötən il “Naxçıvan” Universiteti üçün də inkişaf ili kimi qeyd olunmalıdır. 2019-cu ildə universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə, 4 mərkəz fəaliyyət göstərmişdir. Hesabat ilində “Naxçıvan” Universitetində 15 ixtisas üzrə 1203 nəfər tələbə bakalavr, 7 ixtisas üzrə 20 nəfər tələbə magistr, 11 ixtisas üzrə 23 nəfər tələbə isə doktorant və dissertant təhsili almışdır.
Rektor onu da vurğulamışdır ki,ali təhsil ocağında kadr hazırlığı ilə 93 nəfər professor müəllim heyəti məşğul olur ki, onlardan 2 nəfəri elmlər doktoru, professor, 21 nəfəri fəlsəfə doktoru, dosent, 70 nəfəri isə baş müəllim və ixtisaslı müəllimlərdir. O da qiqqətə çatdırılmışdır ki, 2015-ci ildən etibarən “Naxçıvan” Universitetinin Elmi əsərlər” jurnalı nəşr olunmaqdadır. Həmçinin onu da qeyd edək ki, “Elmi əsərlər” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisssiyasının qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyyə edilən dövrü elmi nəşrlərin siyahısı”na daxil edilmiş, beynəlxalq kod almışdır.
2019-cu ildə digər sahələrdə olduğu kimi beynəlxalq əlaqələr sahəsi üçün də uğurlu olmuşdur. Cari ildə bu şöbə beynəlxalq təlim və proqramlarda, müxtəlif sərgilərdə iştirak etmiş, istər universitetin tanıtımı, istərsə də ikitərəfli əlaqələrin qurulması və inkişafı baxımından mühüm işlər görülmüşdür. Belə ki, hesabat ilində “Naxçıvan” Universiteti Pakistanın Superior Universiteti, Banqladeşin Daffodil Beynəlxalq Universiteti və Karaçinin”Karaçi” Xarici Əlaqələr Şurası, İqra Universiteti və Qazaxıstanın Əhməd Yasəvi Universiteti ilə müqavilə imzalayaraq yeni əməkdaşlıq əlaqələri qurmuşdur.
Daha sonra iclas məruzə ətrafında çıxışlarla davam edib.