Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Cəlil Məmmədquluzadənin 150 illik yubileyi muxtar respublikamızda geniş şəkildə qeyd olunur. Bu tədbirlərin davamı olaraq “Naxçıvan” Universitetində “Cəlil Məmmədquluzadə-150” adlı konfrans keçirilmişdir. Universitetin konfrans zalında keçirilən tədbir başlamazdan əvvəl Cəlil Məmmədquluzadə yaradıcılığını əks etdirən slayd nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq Mirzə Cəlil dühasının zəngin irsindən danışmışdır. Rektor bildirmişdir ki, C.Məmmədquluzadə yaradıcılığı Azərbaycanın mənəviyyatını, mədəniyyətini, ədəbiyyatını dünyaya nümayiş etdirən və xalqımızın nəyə qadir olduğunu göstərən böyük bir sərvətdir.
Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri İman Cəfərlinin “Cəlil Məmmədquluzadə və dünya ədəbiyyatı”, dosent Qənirə Əsgərova “Cəlil Məmmədquluzadə dilinin bəzi linqivistik xüsusiyyətləri”, dosent Nüşabə Məmmədovanın “Cəlil Məmmədquluzadənin yaradıcılığında azərbaycançılıq” və filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyevanın “Cəlil Məmmədquluzadə və müasirləri” mövzularında çıxışları dinlənilmişdir. Bildirilmişdir ki, «Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan Cəlil Məmmədquluzadə «Molla Nəsrəddin» adı ilə məşhur oldu. Ö.F. Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Qəmküsar kimi yazıçılar və jurnalın ilk saylarının rəsmlərini çəkmiş rəssam O.Şmerlinq, J.Rotter, Ə.Əzimzadə və b. ilə Cəlil Məmmədquluzadə arasında möhkəm ideya-yaradıcılıq əlaqələri yarandı. Jurnalda təbliğ olunan dərin demokratiya və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdı. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə «Molla Nəsrəddin məktəbi» adlı qüdrətli mətbuat məktəbi yaratmışdılar. Jurnalın Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi.
Məruzəçilərin çıxışında o da vurğulanmışdır ki, Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun «Molla Nəsrəddin» jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərmişdir. Cəlil Məmmədquluzadənin yaradıcılığı sənətkarlıq cəhətdən novator və demokratik mahiyyətindədir. Cəlil Məmmədquluzadə, xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur. Onun «Poçt qutusu», «Usta Zeynal», «İranda hürriyyət», «Qurbanəli bəy» kimi hekayələri, məşhur «Ölülər» komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur («Anamın kitabı», 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi («Danabaş kəndinin məktəbi», 1921) problemlərinə geniş yer verilmişdir. «Dəli yığıncağı» (1936-cı ildə nəşr olunmuş, 1977-ci ildə tamaşaya qoyulmuşdur) pyesində feodal-patriarxal münasibətlər, din və fanatizm kəskin tənqid atəşinə tutulmuşdur. Cəlil Məmmədquluzadənin realizmi böyük bədii ümumiləşdirmə və tipikləşdirmə qüvvəsinə malikdir.
Sonda Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi tələbələr tərəfindən səhnələşdirilmişdir. Tamaşa tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.