Aprelin 16-da “Naxçıvan” Universitetində sığorta fəaliyyəti və onun əhəmiyyəti barədə tədbir keçirilib. Giriş sözü ilə tədbiri açan ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev ictimai həyatın əksər sahələrində, o cümlədən, iqtisadiyyatın inkişafında sığortanın rolundan, bu sahədə həyata keçirilən maarifləndirmənin əhəmiyyətindən danışıb.
Sığorta münasibətlərinin tarixi təkamülü və sığorta işinin nəzəri-iqtisadi əsasları haqqında çıxış edən universitetin “İqtisadiyyat” kafedrasının dosenti Əli Cabbarov cəmiyyət həyatının müxtəlif sahələrində insanlara rast gəlinən riskli halların yaratdığı maddi zərərlərin əvəzinin ödənilməsində sığoratının əhəmiyyətini qeyd edərək, tətbiq olunun sığorta növlərinin insanların sosial müdafiəsindəki rolunu vurğulayıb.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov sığortanı cəmiyyətin ümumi inkişafın nəticəsi kimi qeyd edərək, Muxtar Respublikamızda sığorta işinin daha da inkişaf etdirilərək onun kütləviliyinin təmin olunmasında aparılan maarifləndirmə tədbirlərinin əhəmiyətindən danışıb.
Qeyd olunub ki, bu vacib sahənin inkişafı, vətəndaşların sığortaya olan marağının artırılması istiqamətində həyata keçirilən dövlət qayğısı öz bəhrəsini vermiş, artıq Naxçıvan Muxtar Respublikadasında 25-dən artıq sığorta növü üzrə vətəndaşlara xidmətlər göstərilir. Bildirilib ki, bu mənada Muxtar Respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm bir tərkib hissəsi qəfil riskli hadisələr zamanı insanlara dəymiş zərərlərin əvəzinin ödənilməsinə yönəlmiş etibarlı sığorta sisteminin yaradılmasıdır. Gündəlik həyatın və rahat əmək fəaliyyətinin zəmanətçisi kimi sığorta insanların əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə əsaslanan mühüm münasibətlər sistemi olaraq daim inkişaf etdirilib, təkmilləşdirilir. Vurğulanıb ki, Muxtar Respublikada daşınmaz əmlakın, avtomobil nəqliyyat sahiblərinin mülki məsuliyyətinin, habelə istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta genişləndikcə bu, əhali arasında sığorta adət-ənənələrinin də dərinləşməsinə səbəb olur. Bunlardan başqa Muxtar Respublikamızda əhalinin könüllü sığortanın müxtəlif növləri-fərdi qəza, əmlakın yanğın və digər risklərdən sığortalanması, avtonəqliyyat vasitələrinin tam sığortası və digər mühüm könüllü sığorta növlərinin əhali ərasında geniş təbliğ olunması da öz bəhrəsini verməkdədir. Qeyd olunub ki, gənclər və tələbələr də bu vacib sahənin əhəmiyyətinin daha dərindən dərk edərək gələcək həyat və fəaliyyətilərində sığorta olunmaya da ciddi yanaşmalı, bu sahədə fəal təbliğatçı olmalıdırlar.
Rektor İsmayıl Əliyev tədbirə yekun vurub.