15 sentyabr Bilik günü ölkəmizin bütün təhsil ocaqlarında olduğu kimi “Naxçıvan” Universitetində də hər il bayram əhval-ruhiyyəsi ilə qeyd olunur.Bu münasibətlə universitetin konfrans zalında keçirilən tədbirdə ilk əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Universitetin rektoru, professor İsmayıl Əliyev tədbiri giriş sözü ilə açaraq müəllim və tələbə heyətini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib,uğurlar arzulayıb. Rektor ölkəmizdə, o cümlədən muxtar respublikada ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin bu günkü uğurlu davamından danışıb.
Qeyd olunub ki, Universitetdə 4 fakültə, 10 kafedra və 6 şöbə fəaliyyət göstərməkdədir. Ali təhsil ocağında 15 ixtisas üzrə bakalvr və 6 ixtisas üzrə magistr hazırlığı aparılır. Univeristet zəngin maddi-texniki bazaya malikdir. 7 binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyi salınmışdır. Arxitektura və pedaqoji baxımından mükəmməl olan tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur. Təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə olunur.
Elektron zalları, zəngin kitab fondu olan elmi kitabxana, yaraşıqlı idman kompleksi və konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi fəaliyyət göstərir. O da tələbələrin diqqətinə çatdırılmışdır ki, univeristet dünyanın fərqli ölkələrində yerləşən 52 univeristet ilə partnyorluq etməkdədir.
Sonra dekanlar fakültələrə yüksək balla qəbul olunmuş tələbələrə tələbə kimlik kartlarını təqdim ediblər.
Sonda Universitetin inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib.