Bu münasibətlə Universitetin konfrans zalında keçirilən tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev çıxış edərək müəllimləri bayram münasibətilə təbrik etmiş, bu peşə sahiblərinə göstərilən qayğıdan danışmışdır.
Bildirilmişdir ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı həmişə uca tutulmuş və bu peşə sahiblərinə böyük ehtiram göstərilmişdir. Azərbaycan müəllimləri də hər zaman ölkəmizin inkişafı və intibahı naminə fəaliyyət göstərmiş, şərəfli müəllim peşəsinə sadiq qalaraq xalqımızın maariflənməsi və tərəqqisi yolunda yorulmadan çalışmışlar.
Ümummilli liderimiz Heydər Əliyev elmin, təhsilin inkişafını, geniş dünyagörüşə malik, savadlı və intellektual gənc nəslin yetişdirilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Bu yolda təhsilin aparıcı qüvvəsi olan müəllimlərin fəaliyyətinə daim yüksək qiymət verən ulu öndər istər keçmiş Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində savadlı və vətənpərvər müəllimlər ordusunun yaradılması qayğısına qalmış, müəllimlərin əməkhaqları artırılmış, sosial-məişət şəraitləri yaxşılaşdırılmış, onlar ölkəmizin ziyalı təbəqəsinin aparıcı qüvvəsinə çevrilmişdir.
Ümummilli liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də təhsilin inkişafını dövlətin qarşısında duran ümdə vəzifə kimi qəbul edərək müəllimlərə qayğıkeş münasibət göstərir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə ixtisaslı müəllim kadrlarının hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Rektor onu da vurğulamışdır ki, Naxçıvan Muxtar Respublikasında öz peşəsini dərindən sevən peşəkar müəllim ordusu formalaşdırılmışdır. Cəmiyyətin maariflənməsi, bilikli, vətənpərvər, çalışqan və sağlam gəncliyin yetişdirilməsi yolunda yorulmadan çalışan muxtar respublika müəllimlərinin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.
Sonra tədbirin bədii hissəsi olmuşdur. Tədbir iştirakçıları universitetin tələbəsi Pünhan Məmmədlinin hazırladığı vidoçarxa baxmışlar. Tədbirin aparıcıları müəllimləri təbrik etmiş, tələbələr müəllimlərə həsr olunmuş şeirləri bədii qiraət etmiş, rəqslər nümayiş etdirmişlər.
Universitetin tələbələrindən ibarət şən hazırcavab klubunun göstərdiyi səhnəciklər tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.
Tədbirə rektor İsmayıl Əliyev yekun vurmuşdur.