“Naxçıvan” Universitetində 15 sentyabr Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq müəllim və tələbələrin yeni tədris ilini təbrik edib, onlara uğurlar arzulayıb. Rektor Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından və mövcud pandemiya ilə əlaqədar olaraq dərslərin keçirilməsinin yeni qaydalarından danışıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan" Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun və Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin çıxışları dinlənilib.
Bildirilib ki, “Naxçıvan” Universiteti yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 10 kafedra, 6 şöbə var. 2020-2021-ci tədris ilində universitetdə 1300 -dən artıq tələbə təhsil alacaq. Bu tədris ilində universitetdə 20 bakalavr, 9 magistr ixtisası üzrə mütəxəssis hazırlığı aparılacaq. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır. Mövcud pandemiya ilə əlaqədar olaraq ali təhsil ocağında tələbələrin sağlamlığının qorunmasına və ali təhsil ocağında dezinfeksiya işlərinin mütəmadi şəkildə aparılmasına diqqət olunur.