“Naxçıvan” Universitetində “Naxçıvanda son 25 ildə sosial-iqtisadi inkişaf” adlı respublika konfransı keçirilib.
Plenar və bölmə hissələrindən ibarət olan konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, son 25 ildə sosial, iqtisadi, mədəni, humanitar, siyasi və s. sahələrdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər qədim diyarın inkişafının davamlılığını təmin edib. Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi xəttin uğurla davam etdirilməsi, görülən hər bir işin elmi əsaslara söykənməsi, uzunmüddətli inkişafın tərkib hissəsi olması sosial proqramların reallaşdırılmasına, əhalinin rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır.
Daha sonra Turizm Departamentinin direktoru Əkbər Novruzovun “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf tendensiyası”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan" Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylunun “Naxçıvan İqtisadi Rayonun ölkə iqtisadiyyatında yeri və təsərrüfatının inkişaf mərhələləri”, Naxçıvan Dövlət Universitetinin əməkdaşı, professor Teymur Abbasovun “Müasir iqtisadi şəraitdə Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadiyyata keçidin zəruriliyi”, iqtisad üzrə elmlər doktoru Mehdi Bağırovun “Mühasibat uçotunun təməl tərkib elementləri: İqtisadi təhlil və nəzarət fəaliyyətinin qarşılıqlı əlaqələri”, Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, dosent Mehriban İmanovanın “Uğurlu siyasət və əsrə bərabər inkişaf nümunəsi” mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, son 25 ildə həyata keçirilən kompleks quruculuq işləri bütün Naxçıvan Muxtar Respublikasını əhatə edib. İnzibati və yaşayış binalarının istifadəyə verilməsi ilə yanaşı, yeni parklar salınır, sakinlərin və turistlərin mənalı istirahəti təşkil olunur. Naxçıvan şəhərində tarixi görkəm qorunub saxlanılmaqla yanaşı, həm də müasir şəhər infrastrukturu yaradılıb.
Muxtar respublikanın rəngarəng landşaftı, qədim tarixi, mədəniyyət və təbiət abidələri mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində yeni turizm mərkəzləri yaradılır və inkişaf etdirilir.
Qeyd olunub ki, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları birgə bəyanat bir sıra perspektivləri ehtiva edir. Bəyanatın 9-cu bəndinə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək. Sənəddə o da qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu da Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına bundan sonra da güclü təkan verəcək.
Daha sonra konfrans bölmələr üzrə öz işini davam etdirmişdir.