“Naxçıvan” Universitetində Xarici dillər kafedrasının təşkilatçılığı ilə "İngilis (rus, alman və s.) dilinin xarici dil kimi tədrisində nəzəri və praktik məsələlər və onların həlli yolları” mövzusunda elmi praktik konfrans keçirilib.
Konfransın əvvəlində ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, bu gün “Naxçıvan” Universitetində tələbələrin xarici dil biliklərinə mükəmməl şəkildə yiyələnmələri üçün ən müasir şərait yaradılıb. “Xarici dillər” kafedrası – ingilis, fransız, rus və alman dilləri üzrə 4 şöbədən ibarət təşkil edilmişdir. Xarici dillər fakültəsində yerləşən hər bir tədris otağı müasir informatika texnologiyaları sistemi ilə təchiz olunmuşdur. İki ədəd 20 nəfərlik linqafon otağı oxu-dinləmə (reading-listening) dərslərinin tədrisi üçün tələbələrin xidmətinə verilmişdir.
Daha sonra universitetin Xarici dillər fakültəsinin müəllimləri İradə Cəfərovanın “Ali məktəblərdə Alman dilinin xarici dil kimi tədrisinin ümumi məsələləri”, Ruqiyyə Kərimovanın “Xarici dillərin tədrisi və ünsiyyət coğrafiyasının genişlənməsində texnoloji vasitələrin rolu və sosial şəbəkələrin ingilis dili bacarığına təsiri”, Aybəniz Axundovanın “Rus dilinin xarici dil kimi tədrisinin praktik metodikası” mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, müasir dövrdə xarici dillərin tədrisi metodikası tədris prosesini nəzərəçarpacaq dərəcədə asanlaşdırmaq, onu daha maraqlı və hərtərəfli etmək məqsədi güdən yeni texnologiyalarla zənginləşdirmişdir. Tədris və təbliğ olunan dilin bütün imkanları kompüter sistemində tam şəkildə yerləşdirilməlidir. İstifadəçi həmin dildə hər hansı bir məlumatı kompüterə daxil edirsə, məlumatın komponentlərini, söz tərkibini diqqətlə araşdıracaq, oradakı fikirləri aydınladacaq bir məlumatı əldə etməlidir.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.