"Naxçıvan" Universitetinin Ümumi tarix kafedrasının təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan müharibəsində mövcud vəziyyət: reallıqlar, təhlillər, yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, təxminən 30 ilə yaxındır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz siyasi, hüquqi həllini tapmır və işğalçı dövlət buna mane olur. Sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlifçaplı artilleriya qurğularından intensiv atəşə tutub. Hazırda Şanlı Ordumuz tərəfindən düşmənə layiqli cavab verilir və işğal olunmuş ərazilərimizdən düşmənin təmizlənməsi prosesi davam edir. Rektor əminliklə bildirib ki, güclü Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə ən qısa zamanda yağı düşməni işğal olunmuş ərazilərimizdən qovacaq, Azərbaycan öz əzəli və tarixi torpaqlarına qovuşacaq.
Daha sonra universitetin “Ümumi tarix” və “Beynəlxalq münasibətlər” kafedrasının müəllimlərinin mövzu ətrafında çıxışları dinlənilib.
Bildirilib ki, həm hərb sahəsində, həm də masada Azərbaycan qarşısında məğlub olduğunu anlayan Ermənistan tərəfi əsas çarəni saxta xəbərlər yayaraq dövlətləri dərhal müharibəyə cəlb etməkdə axtarır. Əlbəttə ki, BMT, Avropa Şurası, regional və böyük güclər, xüsusilə ATƏT-in həmsədrləri olan Rusiya və Fransanın, qonşu dövlət İranın bölgədə baş verənləri diqqətdə saxladıqları heç kimə sirr deyil. İstər beynəlxalq təşkilatlar, istərsə də böyük güclər və digər dövlətlər tərəflərə müraciət edərək müharibənin dayandırılmasının, silahların susmasının, dərhal müzakirələrə başlanmasının vacibliyini bildirsələr də, Azərbaycan tərəfi hərbi əməliyyatları yalnız işğal altındakı öz torpaqlarında apardığını və bu davada haqlı tərəf olduğunu sübut etdi. Əlbəttə ki, bütün müharibələr iştirakçı tərəflərə zərbə vurur. Bu danılmaz həqiqətdir, lakin söhbət “Vətən müharibəsi”ndən gedirsə, bu müharibədə Azərbaycan geri çəkilməyəcəyini böyük bir əzm və cəsarətlə göstərmiş oldu. Əgər beynəlxalq təşkilatlar və dövlətlər həqiqətən müharibədən narahatdırlarsa, insan ölümünə səbəb olan bu vəziyyətdən gərgin hisslər keçirirlərsə, ədalətin bərqərar olmasını istəyirlərsə, işğalçı tərəf olan Ermənistanın BMT qətnamələrinə əməl edərək dərhal işğal etdiyi əraziləri boşaltmasını təmin etməli, lazım gələrsə təzyiq göstərməlidirlər. Bu gün xalqımız tam əmindir ki, Azərbaycan tarixinin şanlı səhifəsini yazan ordumuz işğal altındakı torpaqlarımızı erməni qəsbkarlarından tamamilə təmizləyəcək, üçrəngli bayrağımızı tezliklə Xankəndidə, Şuşada və Laçında dalğalandıracaq.