“Naxçıvan” Universitetinin Elmi kitabxanasında professor Sədaqət Həsənovanın “Dilimiz varlığımızdır” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq müəllifi təbrik edib. Bildirib ki, “Dilimiz varlığımızdır” kitabında professor Sədaqət Həsənovanın son illərdə araşdırmalarının nəticələri əks olunub. Müəllif Azərbaycan üslubiyyat elmi ilə bağlı ardıcıl məşğul olan alimlərimizdəndir. Onun 2017-ci ildə çap olunmuş irihəcmli “Dilimiz mənəvi kimliyimizdir” adlı kitabı elmi ictimaiyyətin diqqətini çəkmiş, bu haqda Azərbaycanın bir sıra alimləri fikir söyləmişlər.
Daha sonra universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri dosent Nüşabə Məmmədovanın və kafedranın müəllimləri dosent Qənirə Əsgərovanın, dosent Arifə Zeynalovanın çıxışları dinlənilib.
Bildirilib ki, professor Sədaqət Həsənovanın araşdırmalarında dilçilik elminin müxtəlif sahələrinə aid mövzulardan bəhs olunur. Lakin onun elmi yaradıcılığında üslubiyyat məsələləri qırmızı xətlə keçir. Müəllifin “Dilimiz varlığımızdır” kitabında İmaməddin Nəsimi, Molla Cuma, Cəlil Məmmədquluzadə, Zeynal Cabbarzadə, Fikrət Qoca, Əli Kərim, Eldar Baxış, Nəriman Həsənzadə, Musa Yaqub və başqa söz adamlarının dilindəki yeniliklər üzə çıxarılmışdır.
Sonda professor Sədaqət Həsənova çıxış edərək tədbir iştirakçılarına və tədbirin təşkilində göstərilən diqqətə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan “Dilimiz varlığımızdır” kitabının elmi redaktoru dosent Qənirə Əsgərovadır.