“Naxçıvan” Universitetində İdarəetmə kafedrasının təşkilatçılığı ilə “Azərbaycanda bank sektoru: problemlər və onların həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, "Naxçıvan" Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, bankların iqtisadi inkişafda və pul-kredit münasibətlərinin tənzimlənməsində mühüm rolu vardır. Dünyadakı mürəkkəb iqtisadi şəraitdə bankların verdiyi qərarlar cəmiyyət tərəfindən maraqla izlənilir, iqtisadi mənafelərin qorunması baxımından bu vacib institusional qurumlar qarşısında mühüm məsuliyyət yaranır.
Daha sonra Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Azər Səfərovun “Bankların maliyyə sistemində rolu”, İdarəetmə kafedrasının müəllimi Murad Sevdimalıyevin “Bank sektorundakı mövcud problemlər və onların həlli yolları” və universitetin “Mühasibat uçotu və audit” ixtisası üzrə III kurs tələbəsi Səma İsmayılovanın “Azərbaycanda bank sektorunun yaranması və inkişaf tarixi” mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, Mərkəzi Banklar bu gün istənilən inkişaf etmiş dövlətin maliyyə sistemində ən başlıca tərkib elementlərdən biri rolunu oynayır, bu qurum ölkənin rəsmi pul-kredit siyasətini bilavasitə həyata keçirən vasitəçi rolunda çıxış edir. Pul-kredit siyasəti özlüyündə əlbəttə ki, büdcə siyasəti ilə birlikdə, bütünlükdə ölkə iqtisadiyyatının dövlət səviyyəsində tənzimlənməsi üçün təməl qismində çıxış edə bilər. Məhz buna görə də Mərkəzi Bankın fəaliyyətinin effektiv aspektləri bütünlükdə bazar iqtisadiyyatının işinin effektiv təşkili üçün olduqca vacib şərt rolunu oynayır.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.