Məlum olduğu kimi Türkiyə Respublikasının Ərzurum Vilayətinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində qonaqlar “Naxçıvan” Universitetində olmuşdur. Qonaqları ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev salamlamış, universitet haqqında geniş məlumat vermişdir.
Bildirilmişdir ki, "Naxçıvan" Universiteti 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Universitetdə 4 fakültə, 10 kafedra, 6 şöbə fəaliyyət göstərir. Hazırda universitetin 1000 nəfərə yaxın tələbəsinin təhsili ilə 81 nəfər müəllim məşğuldur. Onların sırasında AMEA üzvləri , elmlər doktorları , professorlar , dosentlər vardır. Universitet zəngin maddi-texniki bazaya malikdir. 7 binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyi salınmışdır. Arxitektura və pedaqoji baxımından mükəmməl olan tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur. Təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə olunur. Elektron zalları, zəngin kitab fondu olan elmi kitabxana, yaraşıqlı idman kompleksi və konfrans zalı, hər cür şəraitə malik müasir yataqxana həmçinin üçmərtəbəli sosial xidmət mərkəzi fəaliyyət göstərir. Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Üç beynəlxalq təhsil təşkilatının üzvüdür. Beynəlxalq proqramlarda və layihələrdə iştirak edir. Rektor onu da diqqətə çatdırmışdır ki, universitet Avropa İttifaqıın maliyələşdirdiyi bir sıra beynəlxalq layihələrdə partnyor universitet kimi iştirak edir. Erasmus xətti ilə AESOP EQAC layihələri, Tempus xətti ilə ENOTE və COMOLTE layihələrini icra edib.Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı “Naxçıvan” Universieti ilə Ərzurum universiteti arasında 2014-cü ildən Mövlana mübadiləsinin bağılanıldığını və ikili əməkdaşlığın imzalandığını diqqətə çatdırıb. Sonra qonaqlar gətirdikləri hədiyyələri İsmayıl Əliyevə təqdim etmişlər.
Daha sonra qonaqlar “Naxçıvan” Universiteti ilə tanış olmuşlar.