"Naxçıvan" Universiteti respublikamızın bir çox ali məktəbləri ilə yanaşı çoxsaylı xarici universitetlər və beynəlxalq qurumlarla da əməkdaşlıq müqavilələri imzalamışdır ki, bu əməkdaşlıqlar ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim, tələbə mübadilələrinin həyata keçirilməsinə yüksək təsir göstərmişdir. Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Geniş əlaqələrə malik olan “Naxçıvan” Universitetində beynəlxalq əlaqələr və əməkdaşlıq bir neçə istiqamət üzrə davam və inkişaf etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq universitetin bir qrup əməkdaşı tədris və tərbiyə işləri üzrə prorektor, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və xarici dillər fakültəsinin müəllimi Könül Babayeva EQAC layihəsinin növbəti təlimində iştirak edirlər. EQAC Erasmus Plus layihəsinin növbəti təlimi Litvanın Vilnus şəhərində təşkil edilib. Təlimin ilk günündə Azərbaycanın tərəfdaş universitetləri Litvanın Keyfiyyətə nəzarət mərkəzində olmuş və mərkəzin direktoru və kordinatorları mərkəzin fəaliyyəti haqqında təqdimat keçirmişlər. Günün ikinci yarısında Litvanın qabaqcıl ali təhsil müəssisələrindən biri olan Mykolas Komeris Universiteti ilə tanışlıq olmuşdur. Qeyd edək ki, layihənin növbəti təlimində universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilmiş və mərkəzin strukturunun formalaşması üçün görüləcək işlər barəsində fikir mübadiləsi aparılmışdır.
Məlumat üçün qeyd edək ki,növbəti təlim noyabr ayının 11-dək davam edəcəkdir.