“Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının bir qrup müəllim və tələbə heyəti Azərbaycan pedaqoji fikir tarixində xüsusi mövqeyi olan, yazıçı, bədii-pedaqoji əsərləri ilə ədəbiyyatımızı zənginləşdirən M.T.Sidqinin anım günü ilə bağlı onun məzarlığını ziyarət etmişlər. Kafedranın müdiri, dosent Nurlana Məmmədova tələbələrə məlumat verərək bildirmişdir ki, Böyük mütəfəkkir ədib Məhəmməd Tağı Sidqi görkəmli bir maarifçi və tanınmış yaradıcı şəxsiyyət kimi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm yer tutur. Onun çoxcəhətli ədəbi-pedaqoji və elmi fəaliyyəti milli maarifçilik hərəkatının və ədəbiyyatımızın tarixində Seyid Əzim Şirvani dövrünün davamı, Abdulla Şaiq, Süleyman Sani Axundov mərhələsinin ərəfəsi və başlanğıcıdır. Beləliklə, M.T.Sidqinin çoxcəhətli fəaliyyəti maarifçi ədəbi-ictimai mühitin inkişafı tarixində xüsusi mərhələ təşkil edir. Bu mənada Məhəmməd Tağı Sidqi özündən əvvəlki maarifçi nəslin layiqli xələfi, sonrakı yaradıcı qüvvələrin isə ustadı və sələfidir. Milli maarifçiliyin məktəb, dərslik, teatr, ədəbiyyat və mətbuatın inkişafı ilə bağlı ən yaxşı ənənələri bir çox görkəmli ziyalılarla yanaşı, həm də M.T.Sidqinin adı ilə bağlıdır. Tələbələrin diqqətinə o da çatdırılmışdır ki, Məhəmməd Tağı Sidqi mədrəsə təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolu oynayırdı. Sidqi Ordubadda "Əxtər" (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə "Tərbiyə" ("Məktəbi-Tərbiyə", 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur.